
ABŞ-ın texnologiya nəhəngi Apple-ın xalis satışları üç aylıq dövrdə illik müqayisədə 16 faiz artaraq bazar gözləntilərini üstələyib.
Maliyyə təqvimində 27 dekabr 2025-ci ildə başa çatan üç aylıq dövrü 2026-cı maliyyə ilinin birinci rübü kimi qəbul edən Apple öz balans hesabatını açıqlayıb. Hesabata əsasən, şirkətin cəmi xalis satışları bu dövrdə illik 16 faiz artaraq 143,8 milyar dollara yüksəlib. Müqayisə üçün qeyd edək ki, Apple-ın xalis satışları əvvəlki ilin eyni dövründə 124,3 milyar dollar olaraq qeydə alınmışdı.
Şirkətin xalis mənfəəti həmin dövrdə 42,1 milyar dollar olaraq hesablanıb. Apple ötən ilin eyni dövründə 36,3 milyar dollar xalis mənfəət açıqlamışdı. Firmanın səhm başına düşən mənfəəti də sözügedən dövrdə 2,4 dollardan 2,84 dollara yüksəlib. Şirkətin xalis satışlarından əldə etdiyi gəlir və səhm başına mənfəəti bu dövrdə bazar proqnozlarından yuxarı reallaşıb.
iPhone satışlarında artım müşahidə olunub. Sözügedən dövrdə Apple-ın iPhone və iPad satışları artsa da, Mac satışları azalıb. iPhone satışlarının məbləği 27 dekabrda başa çatan üç aylıq dövrdə illik 23 faiz artaraq 85,3 milyar dollara çatıb. Şirkətin iPhone satışları bu dövrdə bazar gözləntilərini geridə qoyub.
Eyni dövrdə iPad satışları 6 faiz artaraq 8,6 milyar dollara yüksəldiyi halda, Mac satışları 7 faiz azalaraq 8,4 milyar dollara geriləyib.