Azertag saytına istinadən ain.az xəbər verir.
Şəki, 30 yanvar, Rasim İslamoğlu, AZƏRTAC
Xalqımız qış fəslini xalq təqviminə uyğun olaraq, “çillə” adı ilə üç yerə bölüb. Böyük çillə 40 gün (21 dekabr-30 yanvar), Kiçik çillə 20 gün (31 yanvar-20 fevral), ala çillə və ya ala çolpav (“Boz ay” da deyilir) isə bir ay (20 fevral-20 mart) olur.
Ölkəmizdə qış nə qədər sərt keçsə də, insanlar tarix boyu onun gəlişini bayram kimi qarşılayıb, müxtəlif ayin və mərasimlərlə yola salıblar. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şəkidəki “Narınqala” Folklor evinin kollektivi də bu ənənəni yaşadaraq Böyük çilləni yola salır, Kiçik çilləni qarşılayırlar.
Keçmişdə qış ayları əyləncələr, aşıq məclisləri və qadınların toxuculuq işləri ilə yadda qalardı. Adətən, insanlar yazdan qalan yorğunluqlarını qışda çıxarar, təsərrüfat işlərinin azlığından istifadə edərək, istirahətə daha çox vaxt ayırardılar. Bir sözlə, Böyük və Kiçik çillə onlar üçün bir növ əyləncə dövrü idi.
Folklor evinin bədii rəhbəri Günay Məmmədova bildirib ki, çillələr məişətimizdə xüsusi yer tutur. İnanclara görə, çillələr dəyişərkən dörd gün ərzində biri digəri ilə “mübarizə aparır” və sonda – yanvarın 30-dan 31-nə keçən gecə Böyük çillə yerini Kiçik çilləyə təslim edir. Şəkidə bu keçidlə bağlı müxtəlif əfsanələr və bayatılar hələ də yaşamaqdadır.
Xalq inanclarından bəhs edən folklor evinin üzvü Məhəbbət Süleymanova isə deyib ki, çillə gecəsində ocaq sönməz. Ocağın sönməsi xeyrə sayılmaz, çünki həmin ocaq evin istiliyi, bərəkəti, uğuru sayılır. O, fikrini bayatı ilə tamamlayıb:
Mən aşiqəm qış gələr,
Boran gələr qış gələr.
Çillə gecələrində
Qəlbimizə xoş bir arzu gələr.

“Narınqala” Folklor evinin əməkdaşları nənə və analarından eşitdiklərini, qədim adət-ənənə və inancları bu gün də gənclərə öyrədir, təbliğ edirlər. Folklor evinin direktoru Zeynəb Qaffarova bayram süfrəsinin rəmzlərindən danışaraq deyib: “Çillə gecəsində süfrədə mütləq qarpız, balqabaq, nar, quru meyvələr və şirniyyatlar olmalıdır. Qarpız kəsilərkən niyyət tutulur və o, ortadan bölünür. İçi qırmızı çıxarsa, deməli, qış xoş keçəcək. Balqabaq Günəşin, nar isə birliyin rəmzidir. Süfrənin əsas bəzəyi isə qovutdur. Biz onu qovrulmuş və üyüdülmüş səməni buğdasından, bəkməz və ya balla hazırlayırıq”.
Adətən Böyük çillədən fərqli olaraq, Kiçik çillə dövründə daha kəskin soyuqlar müşahidə edilir, sərt şaxtalar olur. Ona görə də Kiçik çilləyə “qışın oğlan çağı” da deyirlər.
Azərbaycanın bəzi bölgələrində Böyük çillədən Kiçik çilləyə keçəndə müəyyən mərasimlər təşkil olunur. Kiçik çillənin birinci ongünlüyündə Xıdır Nəbi bayramı qeyd edilir, qovurğa qovrulur, hədik və digər yeməklər hazırlanır.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.