Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Bakı, 30 yanvar, AZƏRTAC
Yanvarın 30-da Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham Azərbaycan) Təchizat Zənciri Komitəsinin təşkilatçılığı ilə “Nəqliyyat sahəsində optimallaşdırma: yeni tənzimləmə yanaşmaları” mövzusunda Yanvar ayı üzrə komitə görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir taksi bazarında mövcud olan aktual problemlərin və bu sahədə qarşıda duran əsas çağırışların müzakirəsinə həsr edilib.
Tədbirdə AmCham Azərbaycanın Hüquqi və siyasi məsələlər üzrə məsul şəxsi Şəbnəm Quliyeva, Təchizat Zənciri Komitəsinin sədr müavini Maarifə Paşayeva, eləcə də “Leops” taksi və lizinq şirkətinin rəhbəri Həşim Əliyev açılış nitqi ilə çıxış ediblər.
Görüş zamanı müvafiq sahə üzrə beynəlxalq təcrübələr, o cümlədən ABŞ, İsveç, Latviya, Rumıniya və digər Avropa ölkələri üzrə müqayisəli statistik məlumatları təqdim olunub. Müvafiq sahə üzrə mütəxəssislər tərəfindən bildirilib ki, inkişaf etmiş nəqliyyat infrastrukturuna malik ölkələrdə sərt kvota məhdudiyyətləri əsasən tətbiq edilmir. Bu cür mexanizmlərin tətbiqi isə əksər hallarda bazarda təklifin azalmasına, istehlakçılar üçün gözləmə müddətinin (ETA) artmasına və qeyri-rəsmi (“boz”) bazarın formalaşmasına səbəb ola bilir.
Tədbir çərçivəsində lisenziyaların ötürülməsi (transferi) ilə bağlı məsələlərə də toxunulub. Sahə üzrə ekspertlər tərəfindən qeyd edilib ki, mövcud mexanizmlər praktiki tətbiq zamanı müəyyən çətinliklər yarada bilər və bu, bəzi hallarda bazar iştirakçılarının fəaliyyətinə əlavə təsirlər göstərə bilər. Müzakirələr zamanı belə məsələlərin gələcəkdə daha çevik və effektiv yanaşmalar əsasında nəzərdən keçirilməsinin vacibliyi vurğulanıb.
Bununla yanaşı, dövlət və özəl sektor arasında açıq və inklüziv dialoqun əhəmiyyəti vurğulanıb və normativ-hüquqi bazanın hazırlanması və yenilənməsi zamanı biznes nümayəndələrinin iştirakı ilə müntəzəm məsləhətləşmə mexanizminin yaradılması təklif olunub.
Müzakirələrin yekununda növbəti addım olaraq, mövcud və planlaşdırılan kvota göstəricilərinə dair beynəlxalq təcrübə, real bazar tələbi və şəhər mobilliyi göstəriciləri əsasında səlahiyyətli dövlət qurumlar və bazar iştirakçıları ilə geniş müzakirələrin aparılması barədə ilkin fəaliyyət planı formalaşdırılıb.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.