Azərbaycan Yazıçılar Birliyi (AYB) qurumu tənqid edən bir qrup şair və yazıçı barəsində hüquq-mühafizə orqanlarına müraciət edəcəyini açıqlayıb.
Birliyin yaydığı rəsmi bəyanatda AYB-yə qarşı məqsədli qarayaxma kampaniyasının aparıldığı iddia olunub.
“Azərbaycan Yazıçılar Birliyinə hücum kampaniyası davam edir, vaxtaşırı qızışdırılır, bəzi saytlarda və elektron resurslarda əsassız, heç bir real fakta söykənməyən informasiyalar tirajlanır və bütün bu baş verənlərin arxasında Azərbaycan ədəbiyyatının və dilinin, mənəviyyatının heysiyyətini qoruyan, yazıçı və şairlərimizin ən qocaman peşəkar ocağı olan təşkilatı hörmətdən salmaq kimi məkrli niyyət dayanır”, - məlumatda qeyd olunub.
"Cebheinfo.az" məsələ ilə bağlı adı hallananlardan biri, Aqşin Yeniseylə əlaqə saxlayıb.
Tanınmış şair bildirib ki, xəbəri ona dostları göndərib. O, adının orada olmasına həm təəccüblənib, həm də təəccüblənməyib:
Burada qəribə bir məntiq var ki, deyirlər, üzvümüz deyilsə, niyə tənqid edib? Məsələn, mən polis işçisi deyiləm. Bu, o deməkdir ki, polisin hər hansı neqativ hərəkətini görəndə, onu tənqid etməməliyəm? Və ya Azərbaycanda yüzlərlə qurum var - "Azəriqaz", "Azərsu" və sair. Mən nə onların üzvüyəm, nə də işçisi. Bu təşkilatlarda ictimai qınağa səbəb olan problem görəndə, deməli, bir söz deməməliyəm?
Mənə elə gəlir ki, bu cür repressiv qərarlar və addımlar Yazıçılar Birliyinin tarixi ilə bağlıdır. Tarixən bu təşkilat özlərindən olmayan, özlərindən hesab etmədikləri yazıçı və şairlərə qarşı bu cür repressiv addımlar atıb. Bunun isə çox ağır nəticələri olub. Mikayıl Müşfiqi güllələyiblər, Hüseyn Cavidi sürgünə göndəriblər. İndi o şərait yoxdur deyə təşkilatın neqativ fəaliyyətini tənqid edən yazıçı və şairləri hüquq-mühafizə orqanları ilə təhdid edirlər”.
O, adının siyahıda birinci sırada yer almasının təsadüfi olmadığını qeyd edib:
“Yəqin istəyiblər ki, bu xəbər daha çox yayılsın, manşetə Aqşin Yeniseyin adını çıxardarlar. Ona görə adımı oraya salıblar. Çünki mən artıq 3-4 ildir Yazıçılar Birliyində baş verən hadisələrlə ümumiyyətlə, maraqlanmıram. Bu illər ərzində nə AYB ilə bağlı yazı yazmışam, nə də tənqidi fikir səsləndirmişəm. Mənim adımı ora niyə salıblar, onu başa düşmədim. Qoy bu üç il ərzində yazdıqlarımdan bir cümlə göstərsinlər ki, Yazıçılar Birliyi haqqında nəsə demişəm.
Əksinə, bu illər ərzində Yazıçılar Birliyinin mətbu orqanı olan “Ədəbiyyat qəzeti”ndə dəfələrlə yazılarım dərc olunub. Azər Turanla da görüşmüşük, özü deyib ki, bu mövzuda yazın varsa, göndər. Mən də göndərmişəm və yazı da dərc olunub. Ona görə də mənim adımı ora kim və hansı məqsədlə salıb, bu mənə də maraqlıdır”.
Aqşin Yenisey vurğulayıb ki, Yazıçılar Birliyinin yazıçı və şairlərə təqdim etdiyi bütün imtiyazlardan hələ 15 il əvvəl imtina edib:
“Mən indiyə qədər Yazıçılar Birliyi ilə nə ev davası etmişəm, nə də təqaüd davası. Ümumiyyətlə, Yazıçılar Birliyinin Azərbaycan yazıçı və şairlərinə verdiyi, göstərdiyi bütün imtiyazlardan imtina etmişəm. İndi yox, 15 il bundan əvvəl... Çünki düşünmüşəm ki, eybi yox, məhrumiyyətlərə dözərəm, amma ədəbiyyatın adını hansısa imtiyazlara qurban verməyim, güzəştə getməyim. Eybi yoxdur, kirayələrdə qalım, amma gedib yazıçı adını ev davası, təqaüd davası edən adam kimi hallanmayım. Yazıçı adını bir az daha uca tutum, onu maddi dünyanın maraqlarından uzaq saxlayım. Mənəvi bir hadisə kimi Azərbaycan insanının beynində yazıçı obrazı canlansın.