Peşəkar Futbol Liqası Misli Premyer Liqası matçlarının tamaşaçılar üçün daha da rəngarəng olmasına hədəflənmiş pilot layihə həyata keçirəcək.
Sportal.az xəbər verir ki, beynəlxalq "İnSports" şirkəti ilə sınaq anlaşmasına əsasən yayım zamanı xüsusi qrafikalar tətbiq ediləcək.
Layihə iki qarşılaşmanı əhatə edəcək. Nümayiş üçün yanvar ayının 31-də keçiriləcək “Zirə” – “Sabah” və fevralın 1-də baş tutacaq “Qarabağ” – “Turan Tovuz” matçları seçilib. Pilot layihə PFL-in razılığına əsasən Misli Premyer Liqasının rəsmi yayımçısı "CBCSport" ilə əməkdaşlıq çərçivəsində reallaşdırılacaq.
Yeni qrafika oyunun əsas taktiki və statistik məqamlarını canlı yayım zamanı vizual şəkildə təqdim etməklə, tamaşaçıların oyunu daha əhatəli, bol məlumatlı izləməsinə imkan yaradacaq. Qrafik elementlər standart vəziyyətlər, topa nəzarət dinamikası, mübarizələrin zonalar üzrə bölgüsü, hücum istiqamətləri və oyunçuların fərdi fəaliyyətləri ilə bağlı əlavə kontekst təqdim edəcək.
Pilot layihə çərçivəsində həmçinin oyunçuların statistik kartları, penalti epizodları ilə bağlı məlumatlar və komandaların müdafiə xəttinin fəaliyyətinin dəyərləndirməsi kimi göstəricilər də efirdə əks olunacaq. Bu elementlər oyunun gedişini və taktiki xüsusiyyətlərini daha dolğun izah etməyə xidmət edəcək.
“İnSports” beynəlxalq şirkət olduğundan qarşı tərəfin futbolçularımızla bağlı müraciətinə əsasən mövqe adları və bəzi abreviaturların təqdimatı zamanı auditoriyanın genişlik imkanı nəzərə alınaraq ingilis dilindən istifadə olunacaq.
Layihənin əsas məqsədi Misli Premyer Liqasının televiziya yayımının keyfiyyətini artırmaq və azarkeşlərə oyunun analitik tərəfini daha vizual və anlaşılan formada təqdim etməkdir.
saytlarin hazirlanmasi