AZ

Müəllimlər tədris prosesində süni intellektdən necə faydalana bilərlər?

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 30 yanvar, AZƏRTAC

Hazırda XXI əsrin əsas siması hesab edilən süni intellektin təhsil sahəsinə tətbiqi dünyanın bir çox ölkələrində uğurla baş tutub. Süni intellekt müəllim, şagird və tələbələrə bir çox məsələlər istiqamətində çox ciddi yardımçı olmağı bacarıb. Doğrudur, süni intellekt alətlərindən istifadə bəzən neqativ hallara yol açsa da, çağdaş təhsili bu alətlərsiz təsəvvür etmək mümkün deyil.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında təhsil eksperti Elmin Nuri deyib.

O bildirib ki, yerli təhsil mühitində müəllim, şagird və tələbələrin süni intellekt alətlərindən istifadə imkanlarının artırılması tədrisin keyfiyyətində daha da müsbət rol oynayacaq.

“Süni intellekt alətlərinin yeni məzmun yaratma, yeni ideya bankı hədiyyə etmə bacarıqları təhsil prosesində ən çox rast gəlinən faydalılıq göstəricilərindəndir. Süni intellektdən doğru-düzgün istifadə həqiqətən də təhsilin gələcək inkişafına ciddi təkan verəcəkdir. Bu səbəbdən də təhsil mühitində süni intellekt bacarıqlarının inkişafı məqsədilə, xüsusən də, müəllimlər öz üzərilərində daha çox işləməli, dünyanın bir çox rəqəmsal tədris platformalarında süni intellekt vərdişlərinin inkişafı ilə bağlı kurslardan, yerli və beynəlxalq təlimlərdən yararlanmalıdırlar.

Süni intellekt alətlərindən uğurlu formada istifadə edən müəllimin bir çox əlavə üstünlükləri yaranacaqdır. Bu cür müəllimlərdə dərslərin planlaşdırması, mövzuların tədrisi ilə bağlı proqramların hazırlanması bacarıqlarını müəllimlərdə vərdiş halına çevriləcək ki, bu da onların faydalı iş əmsalına ciddi təsir göstərəcək”, - deyə təhsil eksperti vurğulayıb.

Elmin Nuri qeyd edib ki, süni intellektin bir müsbət tərəfi də müəllimlərə şagirdlərin qiymətləndirilməsi prosesində yardımçı ola bilməsi üstünlüyüdür: “Tədris prosesində olanlar, müəllim kimi çalışanlar bu kriteriyanın nə qədər vacib olduğunu yaxşı bilir. Odur ki, özünü süni intellektlə işləmək vərdişləri üzrə inkişaf etdirə müəllim bu meyar üzrə də uğurlu olacaqdır. Həmçinin, süni intellektdən faydalı istifadə bir müəllimdə şagird diferensasiyası və administrativ tapşırıqları optimallaşdırmaq vərdişlərini gücləndirmək üstünlüyünü də meydana gətirir. Odur ki, dövrün əsas tələbi olan süni intellekt tədris prosesi üçün də ən mühüm kriteriyalarına görə fərqlənir. Onun tətbiqi orta və ali təhsil seqmentində bir çox müsbətlərə səbəb olacaq”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
86
50
azertag.az

10Mənbələr