Avropa İttifaqında Rusiyanın Ukraynada apardığı hərbi əməliyyatlarda iştirak etmiş şəxslərin Aİ ərazisinə girişinin qadağan edilməsi məsələsi müzakirə olunur.
“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, bu barədə Avropa İttifaqının Xarici Fəaliyyət Xidmətinin nümayəndəsi Anita Hipper məlumat verib.
Onun sözlərinə görə, sözügedən məsələ ötən gün Avropa İttifaqı Şurasının xarici işlər nazirləri səviyyəsində keçirilən iclasında gündəmə gətirilib. Anita Hipper bildirib ki, təşəbbüs Aİ-yə üzv ölkələrdən biri tərəfindən irəli sürülüb və bir neçə digər dövlətin dəstəyini qazanıb.
“Avropa İttifaqı Rusiyaya maksimum təzyiqin necə təmin oluna biləcəyini araşdırır”, - deyə Aİ rəsmisi qeyd edib. Bununla yanaşı, o vurğulayıb ki, hazırda mümkün qərarın detalları barədə danışmaq hələ tezdir.
Yanvarın 29-da "Politico" nəşri yazıb ki, Ukraynada hərbi əməliyyatlarda iştirak etmiş bütün Rusiya vətəndaşlarının Avropa İttifaqına girişinin qadağan edilməsi təşəbbüsü Estoniya tərəfindən irəli sürülüb. Nəşrin məlumatına görə, yüksək vəzifəli estoniyalı diplomat bildirib ki, Rusiyada demobilizasiya olunmuş hərbçilərin cəbhədən qayıtması fonunda zorakı cinayətlərin sayı kəskin şəkildə artıb. Bu isə hərbi təcrübəyə malik şəxslərin Aİ ölkələrinə gələcəyi təqdirdə cinayətkarlıq risklərinin yüksəlməsi ilə bağlı narahatlıqlar yaradır.
Mənbənin bildirdiyinə görə, Avropa İttifaqında Estoniyanın bu mövqeyinə anlayışla yanaşan ölkələr var. Lakin bir sıra üzv dövlətlər üçün belə ümumi giriş qadağasının tətbiqi hüquqi və praktiki baxımdan çətin ola bilər.