AZ

"Alınan mallar geri qaytarılmır" yazanlara 6000 manat cərimə - AÇIQLAMA

Gündəlik həyatımızda alış-veriş etdiyimiz bir çox mağazada tez-tez rast gəldiyimiz bir elan var: “Alınan mallar geri qaytarılmır”. Bu ifadə alıcılar arasında suallar və narazılıqlar doğurur, çünki hər kəs bu qaydanın nə dərəcədə qanuni və əsaslı olduğunu bilmir.

Bəs, “alınan mallar geri qaytarılmır” qeydi nə dərəcədə düzgündür?

Mövzu ilə bağlı Redaktor.az-a vəkil Roman Qaraşov bildirdi ki, pərakəndə ticarət obyektlərində geniş yayılmış “alınan mallar geri qaytarılmır” qeydi ümumi və şərtsiz formada tətbiq edildikdə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə ziddir:

"Belə ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun 3-cü maddəsinə əsasən istehlakçı aldığı malların lazımi keyfiyyətdə olmasını tələb etmək, habelə hüquqları pozulduqda səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüququna malikdir. Qanunun 16-cı maddəsi isə açıq şəkildə müəyyən edir ki, qanunvericilikdə nəzərdə tutulan hüquqlarla müqayisədə istehlakçının hüquqlarını məhdudlaşdıran müqavilə şərtləri və ya birtərəfli elanlar etibarsız sayılır. Praktikada mağazalarda yerləşdirilən “geri qaytarılmır” lövhələri də istehlakçının qanuni müdafiə mexanizmlərini istisna etdiyindən hüquqi qüvvəyə malik deyil. Xüsusilə vurğulanmalıdır ki, malda qüsur (o cümlədən gizli və ya mühüm qüsur) aşkar edildikdə satıcının bu cür elanlara istinad edərək geri qaytarmadan və ya dəyişdirmədən imtina etməsi yolverilməzdir, çünki qüsurlu mal satıldıqda istehlakçının hüquqları birbaşa qanunun 7-ci maddəsi ilə təmin edilir və satıcı həmin tələblərdən birini yerinə yetirməyə borcludur".

Müsahibimiz geri qaytarılması və ya dəyişdirilməsi mümkün olmayan mallar barədə məlumat verdi:

"Qanunvericilik “geri qaytarılmayan mallar” anlayışını iki hüquqi rejim çərçivəsində tənzimləyir. Birinci halda söhbət qüsurlu mallardan gedir ki, bu mallar üzrə ümumi qayda geri qaytarma və ya dəyişdirmənin mümkün olmasıdır. İkinci halda isə lazımi keyfiyyətli, lakin istehlakçıya forma, ölçü, fason və ya digər subyektiv səbəblərə görə uyğun olmayan mallar nəzərdə tutulur. Qanunun 15-ci maddəsinə əsasən, istehlakçı belə qeyri-qida mallarını alınma günü sayılmamaqla 14 gün ərzində uyğun mala dəyişdirmək hüququna malikdir. Lakin eyni maddədə xüsusi olaraq qeyd edilir ki, bu əsaslarla dəyişdirilməsi mümkün olmayan malların siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Məhz bu hüquqi istinada əsasən Nazirlər Kabinetinin 21 may 1998-ci il tarixli, 114 nömrəli Qərarı ilə pərakəndə ticarət obyektlərində dəyişdirilməli olmayan malların siyahısı təsdiqlənmişdir. Həmin siyahıya, o cümlədən, qızıl və qızıl məmulatları, qiymətli və yarımqiymətli metallardan və daşlardan hazırlanmış məmulatlar, istehsal qüsuru istisna olmaqla parfümer-kosmetika malları, şəxsi gigiyena vasitələri, məişət-kimyası malları, alt paltarları, çimərlik geyimləri, qida üçün plastmas məmulatlar və dəyəri ödənilmiş qida məhsulları daxildir. Lakin mühüm hüquqi məqam ondan ibarətdir ki, bu siyahı yalnız lazımi keyfiyyətli mallara aiddir; malda istehsal qüsuru və ya normativ sənədlərin tələblərinə uyğunsuzluq olduqda satıcı həmin siyahıya istinad edərək istehlakçının hüquqlarını məhdudlaşdıra bilməz".

Ekspertimiz belə bir halla rastlaşan müştəriin nə etməli olduğundan da bəhs etdi:

"İstehlakçı satıcının “alınan mallar geri qaytarılmır” bəhanəsi ilə qanuni tələbləri yerinə yetirməkdən imtina etməsi ilə qarşılaşdıqda bir sıra hüquqi müdafiə vasitələrindən istifadə edə bilər. İlk növbədə, malda qüsur aşkar edilibsə, istehlakçı qanunun 7.1-ci maddəsinə uyğun olaraq öz seçimi ilə malın dəyişdirilməsini, qiymətin azaldılmasını, qüsurun aradan qaldırılmasını və ya müqavilənin ləğvini tələb etmək hüququna malikdir və satıcı qüsurlu malı geri götürməyə borcludur. Satılmış malların dəyişdirilməsi və ya geri qaytarılması qaydalarının pozulması inzibati məsuliyyət yaradır və İnzibati Xətalar Məcəlləsinin 444.2-ci maddəsinə əsasən 600 manatdan 900 manatadək cərimə ilə nəticələnir. Bundan əlavə, istehlakçının hüquqlarını məhdudlaşdıran şərtlərin müqaviləyə daxil edilməsi və ya faktiki tətbiqi İXM-in 447.0.9-cu maddəsinə əsasən fiziki şəxslər üçün 350-500 manat, vəzifəli şəxslər üçün 1500-2000 manat, hüquqi şəxslər üçün isə 4000-6000 manat məbləğində cərimə ilə cəzalandırılır. İstehlakçı bu hallarda Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə müraciət edə, habelə birbaşa məhkəmə qaydasında hüquqlarının bərpasını, maddi və mənəvi ziyanın ödənilməsini tələb edə bilər. Bu mexanizmlər istehlakçı hüquqlarının yalnız formal deyil, real və effektiv şəkildə qorunmasına xidmət edir".

Nuriyyə NATİQQIZI

Seçilən
25
13
redaktor.az

10Mənbələr