“Smart Saat Online” (SSO) mağazasından şikayət var.
Belə ki, saytımızın yazarı, psixoloq Lalə Bağırovanın başına iş gəlib. O, 29 noyabr 2025-ci il tarixində “Smart Saat Online” mağazasının “Instagram” səhifəsində yerləşdirilmiş reklamı əsasında “Ölkənin ən böyük ekranlı Smart Tableti” kimi təqdim edilən “Umiio 16 Pro Max model” planşetin texniki göstəriciləri ilə maraqlanıb. Reklam mətnində cihazın 512 GB daxili yaddaşlı, Android 15 əməliyyat sistemli, yüksək texniki parametrlərə malik olduğu bildirilib. O, satıcıya yazılı şəkildə telefonla müraciət edərək reklamda göstərilən 512 GB versiya ilə bağlı planşetin 1 TB yaddaşlı variantının mövcudluğunu soruşub və şərtləri barədə məlumat istəyib.
Satıcı isə “Dediyiniz hamısı var, ayda sadəcə 57 AZN, ilkin ödənişsiz” cavabını verib. Bu məlumatlara əsaslanaraq psixoloq sifarişi 29 Noyabr 2025-ci il tarixində təsdiqləyib və məhsulu həmin gün də qəbul edib. Lakin məhsul həmin gün açıldıqdan dərhal sonra müəyyən olunub ki, təqdim edilən cihaz 1 TB deyil, 512 GB daxili yaddaşa malikdir. Bundan əlavə, məhsulda proqram təminatı ilə bağlı ciddi problemlər də yaşanıb, qeydiyyat zamanı ləngimələr baş verib.
“Planşetə məlumatlarımı qeydiyyat edən zaman donmalar olduğu üçün cihazın texniki göstəricilərinə bir daha baxdıqda, yazışmalarda qeyd edilən məlumatlara uyğun olmadığını-yəni keyfiyyətsiz olduğunu aşkar etdim. Üstəlik, müqavilə və əlavə sənədlərdə malın texniki parametrləri barədə konkret məlumat göstərilmədiyi üçün, parametrləri ancaq açıb işlədən zaman görə bilmişəm. Bu səbəbdən maldan narazı qaldığımı 1 sutka keçməmiş satıcıya yazılı şəkildə bildirdim və geri qaytarılmasını tələb etdim. Həmçinin bildirdim ki, məhsulun parametrləri 2 qat zəif olduğu halda mənə bazar qiymətindən təxminən iki dəfə baha satılıb. Bu iddia da satıcı tərəfindən qəbul edilməmişdir və bildirilib ki, digər yerlərdə qiyməti 384 AZN olan planşet Hindistan istehsalıdır, biz isə Çin istehsalı olan mal satırıq. Mən bunu da digər satıcılardan maraqlandım, bütün o markanı və o modeli satan satıcılar satdıqları malın Çin istehsalı olduğunu bildirdilər. Mən bununla bağlı da müraciət etdim ki, araşdırmışam. Heç bir məhəl qoyulmadı yazdıqlarıma.”
Zərərçəkən məhsul üzrə bu günədək heç bir ödəniş etmədiyini söyləyib:
“Xüsusi olaraq vurğulayıram ki, məhsul qanunvericilikdə nəzərdə tutulan 14 günlük müddət keçməmiş- 12 dekabr 2025-ci il tarixində mağazaya şəxsən təqdim edərək geri qaytarmışam. Qaytarılma prosesi videoçəkilişlə qeydə alınmış və şahid qismində qardaşım Sübhan Bağırov iştirak edib. Tələbimə baxmayaraq, satıcı tərəfindən geri qaytarılma ilə bağlı rəsmi akt tərtib edilməyib və bildirilib ki, qaytarılma aktı olmadan geri qaytardığım üçün mal küçəyə atılacaq. Sırf bu təhdidi nəzərə alaraq yerindəcə 102 xidmətinə müraciət edərək akr tələbimin icra edilməməsi ilə bağlı şikayətimi +994557905913 nömrəmdən bildirmişəm (12 dekabr saat 18:30-da 102-yə olan müraciətim qeydə alınıb). Bu təhdidi nəzərə alaraq məhsulu mağazaya geri qaytarma prosesini tam olaraq videoçəkilişə almışam. Mağazanı tərk etdikdən dərhal sonra mənə “WhatsApp” üzərindən şər və böhtan xarakterli mesaj və şəkillər göndərilib. Mesajda bildirilir ki, malı onlara təhvil verməmişəm. Bildirilib ki, “məhsulu gedib götürün, biz cavabdehlik daşımırıq”.
Mən satıcının göndərdiyi o mesajı internetim olmadığı üçün həmin vaxt görməmişəm, satıcının göndərdiyi mesajı ancaq 13 Dekabr tarixində internetim olan zaman görmüşəm. Mən məhsulu mağazaya təhvil verdiyimi təsdiqləyən video sübutu göndərdikdən sonra da qarşı tərəf məsuliyyətdən yayınaraq “film çəkmirsiniz”, “məhsulunuzu götürün” kimi cavablar verib. Bu davranışlar tərəfimdən açıq şəkildə istehlakçı hüquqlarının pozulması, məsuliyyətdən yayınma, şər, böhtan və dələduzluq əlamətləri kimi qiymətləndirilir. Mən malı təqdim edən zaman bildirmişəm ki, satıcı və mənim aramda bağlanan müqavilənin 2.1.1. bəndinə əsasən əgər alıcı malın ödənişini 30 gündən çox və 2 dəfə təkrarlanmaqla gecikdirərsə, satıcı malı və (və ya) müqavilə üzrə bütün qalıq borcu tələb edə bilər. Mən də bu bəndi əsas alaraq satıcıya yaxınlaşıb malı geri vermişəm və bildirmişəm ki, zatən mən 30 gündən çox və 2 dəfə ödəmədə gecikmə edərəmsə, sizin haqqınız var ki, malı məndən geri alasınız. Mən başdan malınızı geri qaytarıram.”
“27 Yanvar tarixində mənə Ferrum Capitaldan ödənişi etməməyimin səbəbini öyrənmək üçün zəng edildi və bildirildiyi kimi, onlar mənə 1 TB-lıq deyil, 512-lik planşet verdiklərini qeyd etdilər. Satıcı isə Ferrum Capitala bildirdi ki, biz 1 TB-lıq mal satmışıq. Mən də bildirdim ki, əgər yanılmışamsa, o zaman mənə həqiqətən 1 TB-lıq planşeti geri qaytarsınlar, mən də ödənişlərimi edim. Bu vaxt satıcı bildirdi ki, mal bizdə deyil, bizə təhvil verilməyib. Mən çəkdiyim videogörüntünü Ferrum Capitala təqdim etsəm də, satıcı iddia etdi ki, mal bizə təqdim edilməyib.2
Əgər satıcı alıcının çıxmasını gözləyib məhsulu özbaşına küçəyə atıbsa, bu, açıq şəkildə istehlakçı hüquqlarının pozulması və qanunsuz davranış, başqasının malına ziyanvermə halı sayılır.
Hadisə onlayn satışlarda istehlakçı hüquqlarının pozulmasının açıq nümunəsidir. Planşetin geri qaytarılması zamanı satıcının rəsmi akt tərtib etməməsi, təhdid və yalan məlumatlar yayması, həmçinin Ferrum Capital-a yanlış məlumat verməsi, istehlakçının qanuni hüquqlarını kobud şəkildə pozur. Bu vəziyyət, xüsusilə onlayn alış-verişlərdə istehlakçılar üçün ciddi risk olduğunu göstərir.
Eyni zamanda, alıcının bütün prosesləri video və şahid vasitəsilə sənədləşdirməsinə baxmayaraq, satıcının məsuliyyətdən yayınması, hüquqi boşluqların və qanunvericilikdəki icra mexanizmlərinin yetərsizliyini ortaya qoyur.
Bu hadisə həm də müasir bazarda istehlakçı hüquqlarının qorunmasının vacibliyini, onlayn satışlarda şəffaflığın təmin olunmasının nə qədər önəmli olduğunu bir daha sübut edir. Dövlət orqanları və kredit təşkilatları bu cür hallara qarşı daha aktiv və effektiv mexanizmlər tətbiq etməli, istehlakçının hüquqlarını qorumaqda fəal rol oynamalıdır.