Bürclərə inanmaq psixi pozuntu və ya psixoloji problem əlaməti hesab olunmur.
BAKU.WS xəbər verir ki, bunu kinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov bildirib.
O deyib ki, bu yanaşma daha çox insanların qeyri-müəyyənliyi azaltmaq, özünü və başqalarını anlamaq, münasibətlərdə uyğunluq hissi tapmaq ehtiyacı ilə bağlıdır.
Mütəxəssisin sözlərinə görə, əksər hallarda söhbət xəstəlikdən deyil, psixoloji ehtiyacdan gedir:
"İnsanlar bürclər vasitəsilə hadisələri mənalandırır, nəzarət hissini gücləndirir və qərar verməyi özləri üçün asanlaşdırırlar. Bürclər əyləncə və söhbət mövzusu kimi qaldıqda problem yaratmır".
Rövşən Nəcəfov vurğulayır ki, riskli məqam bürclərin davranışı idarə etməyə başlamasıdır. Qərarların tamamilə bürclərə bağlanması real məlumatın, şəxsi dəyərlərin və sağlam ünsiyyətin arxa plana keçməsinə səbəb olur.
"Yalnız bürcə əsaslanaraq münasibət seçmək və ya qarşı tərəfi tanımadan sərt qaydalar qoymaq düşüncə elastikliyini azaldır", – deyə o bildirib.
Psixoloqun sözlərinə görə, narahatlıq doğuran hallar bürclərə inancın kompulsiv xarakter alması ilə başlayır. İnsan daim fal və bürc yoxlayır, bu mövzu onda güclü təşviş və günahkarlıq yaradır, münasibətlər və iş qərarları zərər görür. Belə hallarda məsuliyyət şəxsin özündən inanca ötürülür.
Mütəxəssis qeyd edib ki, bu davranışların arxasında çox vaxt yüksək narahatlıq, tərk edilmə qorxusu, özünə inamsızlıq və nəzarət ehtiyacı dayanır.
"Bürclərə inanmaq özü-özlüyündə psixi narahatlıq deyil. Amma bu inanc insanın həyatını tam idarə etməyə başlayırsa, artıq psixoloji problemə çevrilə bilər", – deyə R.Nəcəfov bildirib.
Onun sözlərinə görə, belə hallarda psixoterapiya tövsiyə olunur, davranışlar sabit və dərin xarakter aldıqda isə klinik baxımdan şəxsiyyət pozuntusu kimi qiymətləndirilə bilər.
Şahanə Xankişiyeva