AZ

Tək bir işə fokuslanmaq psixoloji PROBLEMDİR?

“Psixoloji baxımdan insanın tək bir işə və ya məşğuliyyətə həddindən artıq aludə olması sadəcə çox işləmək deyil. Bu sadəcə çox vaxt daxili bir boşluğu doldurma cəhdidir”.

Bu sözləri klinik psixoloq Zəhra Zahidova Hit.az-a açıqlamasında deyib.

O, bunun səbəblərindən bəhs edib:
“Belə insanlar zamanın necə keçdiyini hiss etmir, çünki həmin fəaliyyət onların düşüncələrini, qorxularını və narahatlıqlarını müvəqqəti olaraq susdurur. Bu vəziyyət isə beyin üçün bir növ qaçış mexanizmi rolunu oynayır. Adətən bu hal bir neçə səbəbdən qaynaqlana bilir. Onun ən əsas səbəb isə emosional çatışmazlıqdır. Belə ki, insan həyatının başqa sahələrində münasibətlərdə, ailədə, özünüdərketmədə qane olmadıqda, bütün enerjisini tək bir sahəyə yönəldir”.

Ekspert qeyd edib ki, digər bir səbəb də nəzarət ehtiyacıdır:
“Həyatda hər şey qeyri-müəyyən olduqda, insan nəzarət edə bildiyi bir sahəyə yapışır və orada özünü güvənli hiss edir. Bəzən isə bu aludəçilik öz dəyərini yalnız nəticə ilə ölçməkdən yaranır. Yəni insanda “Əgər dayansam, dəyərsiz olaram” düşüncəsi formalaşır. Bunun psixoloji baxımdan təhlükəli tərəfi odur ki, zamanla insanın emosional çevrəsi daralır. Faktiki olaraq, həyatı tək bir nöqtəyə sıxılır, istirahət, münasibətlər və özünü dinləmə arxa plana keçir. Bunun isə xroniki stressə, emosional tükənməyə, hətta depressiv əlamətlərə yol açması mümkündür”.

Psixoloq vurğulayıb ki, bu vəziyyətdən çıxış yolu ilk növbədə fərqindəlikdən başlayır:
“İnsan özünə səmimi şəkildə “Mən bu işlə nədən qaçıram?” sualını verməlidir. Aludə olunan fəaliyyəti isə birdən-birə kəsmək yox, həyatın digər sahələrini tədricən aktivləşdirmək daha sağlamdır. Sosial əlaqələr qurmaq, bədəni dinləmək, istirahətə icazə vermək və emosiyaları ifadə etmək bu balansı bərpa edir. Əgər insan dayandıqda güclü narahatlıq, boşluq və ya günahkarlıq hiss edirsə, bu artıq psixoloji dəstəyə ehtiyac olduğunun göstəricisidir. Nəticə etibarilə, bir işə aludə olmaq bəzən uğur kimi görünə bilər, amma psixoloji sağlamlıq üçün əsas olan balansdır. İnsan yalnız etdiklərilə deyil, hiss etdikləri və yaşadıqları ilə də bütövdür”.

Pərviz
 

Seçilən
2
hit.az

1Mənbələr