
ABŞ Prezidenti Donald Trampın Ağ Ev və Müdafiə Nazirliyi (Pentaqon) tərəfindən birgə hazırlanan İrana qarşı mümkün hücum variantları barədə məlumatlandırıldığı iddia olunub.
"Wall Street Journal" (WSJ) qəzetinin adı açıqlanmayan ABŞ rəsmilərinə istinadən yaydığı xəbərə görə, ABŞ-ın bölgəyə əlavə hərbi qüvvə göndərməsi və Trampın razılaşma əldə olunmayacağı təqdirdə hücum hədələri səsləndirməsi diplomatik səyləri daha da təcilləşdirib. Bəzi Yaxın Şərq ölkələrinin mümkün münaqişənin qarşısını almaq məqsədilə ABŞ və İranı danışıqlar masasına oturtmaq cəhdləri tərəflərin mövqelərini sərtləşdirməsi səbəbindən hələlik nəticə verməyib.
ABŞ rəsmiləri Trampın Ağ Ev və Pentaqon tərəfindən birgə hazırlanan İrana qarşı mümkün hərbi variantlar barədə məlumat aldığını bildiriblər. Rəsmilər bu variantlar arasında İran rəhbərliyinə və İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) məxsus obyektlərin hədəf alınacağı genişmiqyaslı bombardman kampaniyasını ehtiva edən böyük planın da olduğunu iddia ediblər.
Daha məhdud variantlar arasında simvolik hədəflərə qarşı hücumların da olduğunu qeyd edən rəsmilər, bu planların İranın nüvə fəaliyyətlərini dayandırmayacağı təqdirdə hücumların mərhələli şəkildə artırılmasına imkan verəcək formada hazırlandığını vurğulayıblar. Rəsmilər həmçinin İran banklarını hədəf ala biləcek kiberhücumlar və daha sərt iqtisadi sanksiyalar kimi seçimlərin də ABŞ administrasiyasının gündəmində olduğunu irəli sürüblər.