AZ

Araz Dadaşzadənin 90 illik yubileyinə həsr olunmuş elmi sessiya

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda ədəbiyyatşünas alim Araz Dadaşzadənin 90 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib.

Mərasimi giriş sözü ilə AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli açaraq görkəmli elm xadimi Araz Dadaşzadənin ötən əsrin 70-90-cı illərində apardığı tədqiqatlar, xüsusilə Molla Pənah Vaqifə, Qarabağ ədəbi mühitinə, onun görkəmli simalarına həsr etdiyi tədqiqatlar bu gün Qarabağın işğaldan azad edildiyi bir dövrdə yenidən aktuallıq kəsb edir və bugünkü nəsillər üçün də o tədqiqatların böyük əhəmiyyəti vardır.

Akademik bildirib ki, Araz Dadaşzadənin Molla Pənah Vaqifin həyatı və yaradıcılığı haqqında hələ ötən əsrin 70-ci illərində ərsəyə gətirdiyi monoqrafiya qiymətli mənbələrə və arxiv sənədlərinə, həmçinin istinadlılıq və analitik təhlillərinə görə bu gün də böyük şairimiz haqqında ən qiymətli monoqrafik tədqiqatlardan biri kimi qəbul olunur. Diqqətə çatdırıb ki, Araz Dadaşzadənin “XVIII əsr Azərbaycan lirikası” adlı kitabı ölkəmizdə bir epoxanın ədəbiyyatına həsr olunmuş ilk ümumiləşmiş tədqiqat əsəri kimi böyük elmi əhəmiyyətə malikdir.

“Araz Dadaşzadəyə qədər Vaqif yalnız nikbin şair kimi qeyd olunurdu. Tədqiqatçımız Vaqif realizminin bütün imkanlarını, dərin fəlsəfəsini hiss edərək bu nikbinliyin alt qatını dərindən təhlil edib ümumiləşmiş fikirlər ortaya qoymuşdur. O, Vaqifin bütöv obrazını yaratmışdır... Araz Dadaşzadə Vaqifə də, Vidadiyə də, bir sözlə, həmin dövrün yaradıcı adamlarına kompleks yanaşma ilə ədəbiyyatşünaslıq elminin metodologiyasına öz əlavələrini etməyi bacarmışdır”, – deyə akademik İsa Həbibbəyli vurğulayıb.

Natiq Araz Dadaşzadənin Azərbaycan Sovet Ensiklopediyasının Baş redaktoru vəzifəsinə qədər böyük yol keçdiyini və ədəbiyyatşünaslığımıza olduğu kimi, ensiklopediya sahəsində də əməli xidmət göstərdiyini vurğulamışdır.

Sonra filologiya elmləri doktoru Vaqif Yusifli, filologiya üzrə fəlsəfə doktoru Aqşin Dadaşzadə, Araz Dadaşzadənin qızı filologiya üzrə elmlər doktoru Zümrüd Dadaşzadə və filologiya elmləri doktoru Cavanşir Yusifli çıxış edərək tədqiqatçı-alimin yaradcılığına xas olan ən ümdə keyfiyyətlərdən söhbət açıblar.

Tədbirdə görkəmli alimin həyat və yaradıclığından bəhs edən videoçarx nümayiş etdirilib.

Sonda ailəsi adından çıxış edən sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Zümrüd Dadaşzadə və filologiya üzrə fəlsəfə doktoru Aqşin Dadaşzadə göstərilən diqqət və ehtirama görə, tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlıqlarını bildiriblər.

Qabil ƏLİYEV
XQ

Seçilən
60
17
xalqqazeti.az

10Mənbələr