ABŞ-nin Kuba siyasətində növbəti mərhələdə hansı addımların atıla biləcəyi ilə bağlı yeni ehtimallar irəli sürülüb.
AzPost xəbər verir ki, ABŞ və Kanada İnstitutunun baş elmi işçisi, iqtisad elmləri doktoru Vladimir Vasilyev bu barədə Rusiya mətbuatına açıqlamasında danışıb.
Ekspertin sözlərinə görə, ABŞ prezidenti Donald Trampın Kuba ilə bağlı fövqəladə vəziyyət elan etməsi faktiki olaraq adaya qarşı tam iqtisadi blokadanın tətbiqi deməkdir. Vasilyev bildirib ki, bu qərar Vaşinqtonun uzunmüddətli və planlı strategiyasının tərkib hissəsidir.
Mütəxəssis hesab edir ki, ABŞ rəhbərliyinin növbəti addımı Kuba rəhbərliyi ilə qapalı danışıqlara başlamaq ola bilər. Onun fikrincə, bu danışıqların əsas məqsədi Kuba hakimiyyətini ölkəni tərk etməyə məcbur etmək və mövcud siyasi sistemi dəyişməkdir.
Vasilyev vurğulayıb ki, hazırda ABŞ tərəfindən “uzunmüddətli oyun” başlanılıb və bu proses birbaşa rejim dəyişikliyinə hesablanıb. O, fövqəladə vəziyyətlə bağlı imzalanan sərəncamın müddətsiz xarakter daşıdığını da diqqətə çatdırıb.
Ekspertin sözlərinə görə, Vaşinqton Kubanın iqtisadi vəziyyətini yaxından izləyir və ölkənin ən həssas sahələri barədə ətraflı məlumata malikdir. Xüsusilə enerji sahəsində mövcud problemlər ABŞ tərəfindən diqqətlə təhlil olunur.
Vasilyev qeyd edib ki, vəziyyətin pisləşməsi dərhal baş verməyə bilər. Lakin bir neçə həftə və ya ay ərzində sosial-iqtisadi gərginliyin artması mümkündür. Onun fikrincə, bu cür şəraitdə ölkə daxilində kütləvi iğtişaşlar yarana bilər.
Ekspert hesab edir ki, belə bir ssenari reallaşarsa, ABŞ hərbi müdaxilə variantını da gündəmə gətirə bilər. O bildirib ki, Vaşinqton hadisələrin inkişafını mərhələli şəkildə planlaşdırır və proseslər ciddi nəzarət altında saxlanılır.
Qeyd edək ki, Kuba hakimiyyəti artıq ABŞ-nin yeni məhdudlaşdırıcı tədbirlərini kəskin şəkildə pisləyib və bu addımların ölkənin daxili işlərinə müdaxilə olduğunu bəyan edib.