AZ

ABŞ Kubaya qarşı dəniz blokadası tətbiq etməyi planlayır

Vaşinqton Havana üçün neft idxalını dayandırmaq və rejimi dəyişmək variantını nəzərdən keçirir...

ABŞ administrasiyasında Kubaya neft tədarükünü dayandırmaq məqsədilə dəniz blokadasının tətbiqi ehtimalı müzakirə olunur.

Poliqon xəbər verir ki, bu barədə Politico nəşri Ağ Evə yaxın üç mənbəyə istinadən məlumat yayıb. Mənbələrin sözlərinə görə, Vaşinqtonda bəzi yüksək vəzifəli şəxslər bu ssenarinin reallaşdırılmasının tərəfdarıdır.

Məlumata əsasən, belə təşəbbüsü irəli sürənlər arasında ABŞ-nin dövlət katibi Marko Rubio da var. Qeyd olunur ki, Rubionun kubalı köklərə malik olması onun bu mövqeyini daha da prinsipial edir. Mənbələr bildirir ki, dəniz blokadası ideyası Kubaya neft idxalını tam dayandırmaqla ölkədə mövcud kommunist hakimiyyətini zəiflətməyə və nəticədə rejim dəyişikliyinə nail olmağa hesablanıb.

Politico yazır ki, hazırda bu planla bağlı yekun qərar qəbul edilməyib. Lakin müzakirə olunan ssenarilər yaxın vaxtlarda ABŞ prezidenti Donald Trampa təqdim oluna bilər. Daha əvvəl də bir sıra ABŞ və beynəlxalq KİV-lər Vaşinqtonun Kubada hakimiyyət dəyişikliyinə yönəlik planlar üzərində işlədiyini iddia etmişdi.

Məqalədə xatırladılır ki, uzun illər ərzində Kubanın əsas neft tədarükçüsü Venesuela olub. Ancaq Venesuelada hakimiyyət dəyişikliyindən sonra ABŞ rəsmiləri bu tədarük kanalının bağlanacağını açıqlayıb. Bu isə Kubanın enerji təhlükəsizliyi və iqtisadi sabitliyi üçün ciddi risklər yaradır.

Analitiklərin fikrincə, dəniz blokadasının tətbiqi regionda gərginliyi artırmaqla yanaşı, Karib hövzəsində yeni geosiyasi qarşıdurmalara yol aça bilər. Bununla belə, Vaşinqtonun əsas məqsədinin Havana üzərində təzyiqi maksimum dərəcədə artırmaq olduğu vurğulanır.

Poliqon.info

Seçilən
97
50
poliqon.info

10Mənbələr