AZ

“Enerji inteqrasiyası həm fürsət, həm də siyasi testdir

ain.az bildirir, Xalqcebhesi saytına əsaslanaraq.

Ermənistanın Baş naziri Nikol Paşinyan keçirdiyi brifinqdə Ermənistanın gələcəyinin Türkiyə və Azərbaycanın enerji sisteminə qoşulmasından keçdiyini qeyd edib.

Məsələ ilə bağlı xalqcebhesi.az-a danışan siyasi şərhçi Elnur Ənvəroğlu bildirib ki, Nikol Paşinyanın bu bəyanatını həm rasionallıq, həm də reallıq kontekstində qiymətləndirmək olar: “Çünki bu yanaşma texniki baxımdan Ermənistanın enerji təhlükəsizliyini və şəbəkə sabitliyini artırmaq üçün realist bir strategiyadır. Ermənistanın daxili enerji istehsalı məhduddur və ölkə idxala ciddi şəkildə bağlıdır. Azərbaycanla enerji inteqrasiyası elektrik və təbii qaz təchizatı baxımından həm təhlükəsizlik, həm də iqtisadi səmərəlilik yarada bilər. Amma sülh perspektivindən yanaşsaq, enerji inteqrasiyası həqiqətən də regional əməkdaşlığı gücləndirən bir vasitə ola bilər. Çünki enerji infrastrukturu birgə maraqları ortaya qoyur və bu da, əlbəttə, konflikt riskini azalda bilər. Lakin bu yanaşmanın uğuru ciddi siyasi iradə və uzunmüddətli diplomatik zəmin tələb edir. Çünki tarix boyu Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə münasibətləri gərgin olub. Yəni xüsusən Ermənistanda ideoloji vəziyyət özünü doğruldarsa, Paşinyan hakimiyyəti cəmiyyəti öz təqdim etdiyi praqmatik siyasi kursunun arxasınca apara bilərsə, sülh uzun müddət üçün də etibarlı ola bilər”.

E.Ənvəroğlu bəzi texniki və praktiki çətinlikləri də qeyd edib: “Enerji şəbəkəsinə qoşulma həm texniki, həm də siyasi razılaşmaları tələb edir. Amma hər kəs bunu bilir ki, Ermənistanın enerji sistemləri həm texnoloji, həm də normativ baxımdan Azərbaycan və Türkiyə şəbəkələri ilə inteqrasiya üçün yenilənməyə ehtiyac duyur. Adicə, götürək 42km-lik Zəngəzur Dəhlizindəki dəmir yolu xəttinin inşasını və ya Ermənistanın Axurik adlanan Türkiyə ilə sərhəd seqmentindəki marşrut xəttini. Bunların təmir və bərpası üçün hələ də çarpışan Yerevan görəsən bu böyük istəklərə necə nail ola bilər, maraqlıdır”.

O həmçinin deyib ki, Azərbaycan Ermənistan arasında siyasi olaraq yaxınlıq əlaqələri qurulmayıb: “Düzdür, Paşinyanın bu açıqlaması rasionallıq baxımından başa düşüləndir və texniki olaraq faydalı potensiala malikdir. Lakin enerji inteqrasiyası öz-özlüyündə sülhün “əsas zəmanəti” olmaqdan uzaqdır. Yəni bu, yalnız regional diplomatik və siyasi əməkdaşlıq fonunda mümkün ola bilər. Çünki enerji inteqrasiyası həm fürsət, həm də siyasi testdir. Ermənistan üçün isə bu, strateji addım olmaqla yanaşı, həm də regional etimadın ölçü göstəricisidir”.

Röya İsrafilova

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
33
50
icma.az

10Mənbələr