AZ

Qidalanma pozuntusu emosional boşluğun əlamətidir - AÇIQLAMA

Qidalanma pozuntusu psixoloji baxımdan yanaşdıqda aydın olur ki, bu hallar təkcə qida ilə bağlı davranış problemi deyil, insanın öz daxili dünyası ilə qurduğu münasibətin pozulmuş formasıdır. Emosional yemə, kompulsiv yemə, anoreksiya və bulimiya kimi pozuntuların kökündə çox zaman emosional ehtiyacların tanınmaması və ya ifadə edilə bilməməsi dayanır.

Qidalanma pozuntusu psixoloji səbəbləri haqqında Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri psixoloq Elnur Rüstəmov Missiya.Az-a danışıb.

"İnsan aclıq deyil, boşluq hissini, dəyərsizlik duyğusunu, tərk edilmə qorxusunu və ya nəzarətsizlik hissini yeməklə “doldurmağa” çalışır. Xüsusilə uşaqlıq və yeniyetməlik dövründə sevgi, təhlükəsizlik və qəbul olunma ehtiyacları şərti davranışlarla – “yaxşı olsan, yemək verilir”, “ağlama, ye” kimi mesajlarla qarşılandıqda, yemək tədricən emosional tənzimləmə vasitəsinə çevrilir. Anoreksiya və bulimiya kimi daha ağır klinik formalarda isə əsas motiv təkcə çəkiyə nəzarət deyil, həyatda nəzarəti itirməmək, gücsüzlük hissinə qarşı psixoloji müdafiə yaratmaqdır. Bu zaman bədən üzərində nəzarət daxili xaosun əvəzedicisinə çevrilir",-psixoloq qeyd edib.

Elnur Rüstəmovun sözlərinə görə, psixoloji baxımdan “sadəcə pəhriz pozulması” ilə klinik səviyyədə yemə pozuntusunu ayırd edən əsas məqam davranışın intensivliyi və onun insanın həyat keyfiyyətinə təsiridir. Pəhriz pozula bilər, lakin yemə ilə bağlı düşüncələr insanın bütün gününü zəbt etmirsə, günahkarlıq və özünü cəzalandırma davranışları yaranmırsa, sosial münasibətlər və emosional vəziyyət ciddi şəkildə zədələnmirsə, bu hələ klinik pozuntu hesab edilmir. Risk siqnalları isə yeməklə bağlı daimi nəzarət ehtiyacı, “yaxşı–pis qida” kimi sərt kateqoriyaların formalaşması, yeməkdən sonra güclü utanc və peşmanlıq hissi, gizli yemə, bədən ölçüləri ilə bağlı obsessiv məşğuliyyət, əhvalın birbaşa yeyilən qidanın miqdarı ilə müəyyənləşməsi və yeməyin insanın öz dəyərini ölçən əsas meyara çevrilməsidir. Bu mərhələdə problem artıq iradə məsələsi deyil, psixoloji müdaxilə tələb edən bir vəziyyətdir.

"Yemək pozuntularının müalicəsində psixoterapiya mərhələli və çoxşaxəli prosesdir. Əvvəlcə təhlükəsizlik və stabil münasibət qurulur, çünki bu şəxslər çox zaman tənqid olunmaqdan və nəzarət altına alınmaqdan qorxurlar. Daha sonra yemə davranışının arxasında duran emosional tətiklər, əsas inanclar və özünə münasibət üzərində işlənir. İnsan yeməyi deyil, yeməyə səbəb olan hissi tanımağı və tənzimləməyi öyrənməlidir. Sağalma prosesində ailə dəstəyi mühüm rol oynasa da, bu dəstək nəzarət və təzyiq formasında olmamalıdır. Ailə üzvlərinin əsas vəzifəsi yeməyə fokuslanmaq deyil, emosional təhlükəsizlik yaratmaq, ittiham etmədən dinləmək və şəxsin müstəqil motivasiyasını gücləndirməkdir. Sağlam balans o zaman yaranır ki, ailə “məsuliyyəti ələ alan” mövqedən çıxır, şəxs isə sağalmanın öz daxili ehtiyacı olduğunu qəbul edir. Çünki uzunmüddətli sağalma kənar nəzarətlə deyil, insanın özünü anlama və özünə qayğı bacarığını inkişaf etdirməsi ilə mümkündür",- E.Rüstəmov əlavə edib.

İlahə Qənbərli

Missiya.Az

Seçilən
50
5
missiya.az

10Mənbələr