AZ

Ailə modelimizi qoruyub saxlamalıyıq - AÇIQLAMA

Ailə yalnız iki insanın bir araya gəlməsi deyil, həm də dəyərlərin, ənənələrin və nəsildən-nəslə ötürülən münasibət modellərinin qovuşmasıdır. Şərq cəmiyyətlərində bu münasibətlərin mərkəzində himayədarlıq, böyüyə hörmət və ailədaxili dəstək dayanır. Bu model bizi bir-birimizə bağlayan, ailəni gücləndirən mühüm bir dəyərdir. Lakin hər dəyər kimi, himayədarlıq da öz yerində və ölçüsündə olduqda ailə üçün qoruyucu qalxan rolunu oynayır, həddi aşdıqda isə münasibətlərdə çatlar yarada bilir. Məhz bu nöqtədə valideyn dəstəyi ilə ailə müstəqilliyi arasındakı incə balans məsələsi ortaya çıxır.

Bu barədə sosioloq Mail Yaqub Missiya.Az-a danışıb.

"Ümumiyyətlə, Şərq cəmiyyətləri daha çox himayəçi, Qərb cəmiyyətləri isə fərdiyyətçi model üzərində qurulub. Biz şərqli kimi himayəçi valideyn modelini qoruyub saxlamalıyıq və bu, həqiqətən də gözəl bir dəyərdir. Valideynlərin, böyüklərin kiçiklərə himayədarlıq etməsi, onlara dayaq olması milli mədəniyyətimizin ayrılmaz hissəsidir və bu, bir növ mənəvi dəstəkdir",-sosioloq bildirib.

Mail Yaqubun sözlərinə görə, bu himayədarlıq ifrat həddə çatdıqda, artıq yeni qurulan ailə üçün ciddi bir təhdidə çevrilə bilər. Məsələn, qayınata və qayınananın gəlinin bütün işlərinə müdaxilə etməsi — “Hansını geyinməlisən?”, “Anan-atangilə hansı gün getməlisən?”, “Bu gün hansı yeməyi bişir?”, “Hansını bişirmə?” kimi gündəlik və şəxsi detallara qədər qarışması — ailədaxili problemlərin başlanğıcı olur.

"Böyük insan öz böyüklüyünü qorumalıdır. Böyük kiçik işlərə həddindən artıq müdaxilə etdikdə, əslində öz böyüklüyünü itirir və kiçilir. Böyük öz çəkisini, mövqeyini saxlamalı, yeni qurulan ailəyə müstəqillik verməlidir ki, onlar bir çox məsələlərdə qərarları özləri versinlər. Məhz bu halda ailə özünü ayrıca bir birlik, bir şəxsiyyət kimi hiss edəcək və uzunömürlü olacaq. Əks halda, hər detalda müdaxilə edilən gənc ailədə “bizim heç bir iradəmiz, istəyimiz, ixtiyarımız yoxdur” düşüncəsi formalaşacaq. Bu isə münasibətlərdə ciddi psixoloji problemlərə yol açacaq.

Bu səbəbdən valideynlər himayədarlıqla müdaxilə arasındakı incə balansı mütləq qorumalıdırlar",-M.Yaqub əlavə edib.İlahə Qənbərli

Missiya.Az

Seçilən
78
28
missiya.az

10Mənbələr