Onkoloji ginekologiya” adlı monoqrafiya Almaniyanın Hannover şəhərində “İlin Kitabı” Beynəlxalq mükafat müsabiqəsinin qalibi olmuşdur. Kitabın müəllifləri akademik Əhliman Əmiraslanov, professor Abuzər Qazıyev və uzman həkim Əkbər İbrahimovdur.
Medicina.az xəbər verir ki,monoqrafiyanın rəyçisi Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin baş direktoru, dünya şöhrətli alim, akademik Cəmil Əziz oğlu Əliyevdir.
Dünyaca məşhur “Nobel Tibb Kitab Evləri” Beynəlxalq Nəşriyyat və Poliqrafiya şirkətində nəfis tərtibatla dizayn edilmiş və böyük tirajla çap olunmuş kitab 1048 səhifədən ibarətdir və onkoloji ginekologiyaya aid bütün mövzuları geniş əhatə edir.
Kitabın elmi redaktoru “H” indeksi kifayət qədər yüksək (28) olan dünya şöhrətli məşhur onkoginekoloq, Türkiyə Cümhuriyyətinin Hacettepe Unversitetinin Onkoloji Ginekologiya bölməsinin rəhbəri, tibb elmləri doktoru, professor Mehmet Coşkun Salmandır.
Əsər müəlliflərin uzun illik şəxsi tədqiqatları və zəngin təcrübi bilikləri əsasında yazılıb. Kitabda 3000-ə yaxın dünya ədəbiyyatından seçilmiş məlumatların təhlili aparılıb, xarici mənbələrlə yanaşı, Azərbaycan alimlərinin də əsərlərinə istinadlar edilib. Kitab məzmun, tərtibat və elmi yenilik baxımından onkoloji ginekologiyaya dair Azərbaycan dilində yazılmış ilk irihəcmli orijinal əsərdir.

Dünya tibb elminə dəyərli töhfə hesab edilən “Onkoloji Ginekologiya”nın “İlin Kitabı” Beynəlxalq mükafata layiq görülməsi bir daha sübut edir ki, ölkəmizdə tibb elmi, o cümlədən onkologiya görkəmli milli mütəxəssislərimizin birgə səyi sayəsində dövlət qayğısına söykənərək dinamik inkişafdadır. Bu gün Azərbaycan həkimləri beynəlxalq əlaqələrini genişləndirir, əldə etdiyi nailiyyətlərlə dünya tibb elminə inteqrasiya edir.
medicina.az