AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov Gürcüstanın aparıcı logistika şirkəti olan, Poti Limanında terminal idarəçiliyini həyata keçirən “PACE Group”un və Batumi Dəniz Limanının rəhbərlikləri ilə görüşlər keçirib.
“İki sahil” xəbər verir ki, görüşlərdə iki ölkənin logistika şirkətləri və dəniz limanları arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Limanların fəaliyyəti ilə tanış olan ADY nümayəndə heyətinə Qara dənizdə strateji mövqeyə malik Batumi və Poti limanlarının çoxsaylı yük növlərinin emalı baxımından aparıcı infrastruktura malik olması barədə məlumat verilib. ADY sədri Rövşən Rüstəmov bildirib ki, Azərbaycanda dəmir yolu–liman əməliyyatları artıq vahid idarəetmə prinsipi əsasında təşkil edilir. Ötən il Bakı Beynəlxalq Dəniz Limanının ADY-yə uğurla inteqrasiyası limanın yükaşırma nəticələrinə də müsbət təsir göstərib. Belə ki, 2025-ci ildə Bakı Limanında rekord həcmdə – 107 min TEU-dan çox konteyner yükü aşırılıb, bu da 2024-cü illə müqayisədə 40 faiz artım deməkdir.
Görüşlərdə Bakı və Gürcüstan limanları arasında əməkdaşlığın dərinləşdirilməsi və təcrübə mübadiləsinin Orta Dəhliz üzrə artan yükdaşımaların daha da səmərəli həyata keçirilməsinə imkan verəcəyi xüsusi vurğulanıb.