Gürcüstanın Poti Limanında “Azərbaycan Dəmir Yolları” QSC (ADY) və “Gürcüstan Dəmir Yolları” SC-nin rəhbər heyətlərinin iştirakı ilə Poti–Bakı ekspres blok-qatarının yola salınması mərasimi keçirilib.
ADY-nin verdiyi məlumata görə, tədbirdə yeni ekspres xidmətin logistika xərclərinin azaldılması və daşımaların sürətləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, xidmət yük sahiblərinə yalnız vaxt baxımından deyil, həmçinin terminalda yüklərin və boş konteynerlərin saxlanması ilə bağlı xərclərə qənaət imkanı yaradacaq.
Məlumata əsasən, Poti–Bakı marşrutu üzrə işləyəcək blok-qatar Qara dəniz limanlarını Azərbaycanın liman və terminalları ilə birləşdirəcək. Yeni logistika həlli Potidən Bakıya və əks istiqamətdə müəyyən edilmiş qrafiklə, gecikmələr olmadan konteyner daşımalarını təmin etməyi hədəfləyir.