Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Ağdərə, 30 yanvar, Tahir Ağaməmmədov, AZƏRTAC
Otuz üç illik məcburi köçkünlük həyatı Ağdərə rayonundan olan Aslanovlar ailəsinin yaddaşında ağır iz qoyub. Vətən həsrəti ilə keçən köçkünlük illərində çətinliklərlə qarşılaşsalar da, ailənin doğma yurda qayıdış ümidi heç vaxt sönməyib. Artıq həmin ümid gerçəyə çevrilib, Aslanovlar ailəsi uzun illərdən sonra yenidən ata-baba yurduna – Aşağı Oratağ kəndinə qayıdıb.
Ailənin başçısı Mütəllim Aslanov Ağdərəni tərk edəndə 19 yaşı olub. O illərdən danışarkən köçkünlük həyatının bütün ağırlığını xatırlayır: “Əvvəlcə Bərdə rayonunun Şorəlli kəndində, daha sonra isə 866 ailəlik qəsəbədə məskunlaşdıq. Elə günlərimiz olub ki, 3-4 ailə bir yerdə yaşamışıq. Elə olub ki, yatmağa yerimiz, yeməyə çörəyimiz olmayıb. Ancaq bütün çətinliklərə dözmüş, bir gün yurdumuza qayadıcağımız günü səbirsizliklə gözləmişik”.
Köçkünlük illəri Aslanovlar ailəsi üçün itkilərlə də yadda qalıb. Mütəllim Aslanovun valideynləri həmin illərdə dünyasını dəyişib. “Təəssüf ki, ata-anam bu günü görə bilmədi. Amma şükürlər olsun ki, uzun illərdən sonra Ağdərəyə qayıtmaq mənə nəsib oldu”, – deyə o bildirir.
Bu gün Mütəllim Aslanov 53 yaşında ailəsi ilə – həyat yoldaşı, iki oğlu və bir qızı ilə birlikdə doğma yurda dönüb. Onun sözlərinə görə, bu qayıdış sözlə ifadə olunmayacaq qədər böyük sevincdir. “Bu qayıdışa, bu sevincə görə Ali Baş Komandana, Ordumuza minnətdaram. Allahdan şəhidlərimizə rəhmət, qazilərə cansağlığı diləyirəm” – deyə, o vurğulayır.

Mütəllim kişinin həyat yoldaşı Sevinc xanım Laçın rayonunda doğulub, 12 yaşına kimi orada yaşayıb. Laçın rayonu işğal olunandan sonra Bərdədə məskunlaşıb. Elə Mütəllim kişi ilə də Bərdədə tanış olub, ailə qurublar. “Köçkünlük illərində torpaqlarımıza qayıdacağımızla bağlı ümidimizi heç vaxt itirmədik. Bu gün hər zaman arzu etdiyimiz torpaqlarımıza qayıtmışıq. Bu, bizim üçün yeni bir həyatın başlanğıcıdır”, – deyir Sevinc xanım.
Ailənin övladı Şirxan Aslanzadə ata-baba yurdunda yaşamağın xoş olduğunu bildirir. Onun sözlərinə görə, Ağdərəni görməzdən əvvəl bu yerləri yalnız böyüklərin xatirələrində eşidib, xəyalında canlandırıb: “Böyüklərimiz Ağdərə haqqında çox danışıblar. Həmişə bu yerləri təsəvvürümdə canlandırır, bir gün görmək arzusu ilə yaşayırdım. Ancaq gələndə təsəvvür etdiyimdən də gözəl gördüm buraları. Ata-baba yurdumu görmək, burada yaşamaq mənim üçün olduqca çox xoş oldu”.
Musiqi müəllimi olan Şirxan gələcək planlarından da danışır. Bildirir ki, arzusu doğma rayonunda, ata-baba torpağında çalışmaqdır: “İstəyirəm gələcəkdə rayonumuzda tar ixtisası üzrə musiqi müəllimi işləyim və burada yaşayan uşaqlara sənət öyrədim”.
Aslanovlar ailəsinin Ağdərəyə qayıdışı illərlə davam edən yurd həsrətinin sonu, doğma torpaqda yeni həyatın başlanğıcıdır. Artıq gələcəyə ümidlə baxan ailə yarım qalan xatirələrini doğma torpaqlarında yenidən canlandırırlar.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.