Xəbər verildiyi kimi, Mehdiabad qəsəbəsindən "28 May" metro stansiyasına tramvayın tətbiqi ilə bağlı layihələndirmə işləri həyata keçirilir.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Anar Rzayev "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"nın 2025-ci il üzrə icrasına həsr olunmuş dəyirmi masada deyib ki, tramvay xəttinin keçəcəyini nəzərə alaraq, marşrut üzrə "Sea Breeze" daxilində yolun en kəsiyinin forması da razılaşdırılıb.
Maraqlıdır, başqa hansı ərazilərdə travmay xəttinin çəkilməsi gözlənilə bilər?
Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov Hit.az-a açıqlamasında deyib ki, tramvay və troleybusların ilkin baxışına nəzər yetirmək lazımdır:

"Yəni onların hansı ərazilərdə hərəkət etdikləri, həmin marşrutlarda hansı problemlərin yaşandığı araşdırılmalıdır. Sovet dövründə çəkilmiş xətlərin bərpa olunması və bu prosesin koordinasiyalı şəkildə həyata keçirilməsi ilə problemi həll etmək mümkündür".
Ekspertin sözlərinə görə, Bakı şəhərinin konseptual planına əsasən müəyyən işlər görmək olar:
"Məsələn, Bayıl qəsəbəsi ilə "Sahil" metro stansiyasının əlaqələndirilməsi mümkün ola bilər. Nəzərə almaq lazımdır ki, günün müəyyən saatlarında qeyd olunan ərazilərdə ciddi nəqliyyat sıxlığı müşahidə olunur. Eyni zamanda, Mərdəkan və Hava Limanı istiqamətində də tramvay xətti çəkilə bilər. Həmçinin, Sabunçu qəsəbəsi ilə Bakıxanov ərazisi arasında tramvaydan istifadə olunması məqsədəuyğundur. Bu məsələni konseptual və sistemli şəkildə həll etmək lazımdır".
Günel