Mehdiabad qəsəbəsindən “28 May” metro stansiyasına qədər tramvay xəttinin çəkilməsi ilə bağlı layihələndirmə işlərinə start verilib. Maraqlıdır, gələcəkdə İçərişəhər ətrafı, Sahil, 28 May kimi sıx zonalarda tramvay çəkilə bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, ümumilikdə paytaxt üzrə tramvay şəbəkəsi 5 əsas istiqamət üzrə planlaşdırılır.
“2030-cu ilə qədər “28 May” metro stansiyasından Mehdiabad qəsəbəsinə qədər tramvay xəttinin tikintisi nəzərdə tutulub. Növbəti mərhələlərdə isə “28 May”dan Bayıl və “28 May”dan Həzi Aslanov istiqamətlərinə doğru yeni xətlərin salınması planlaşdırılır”.
Ekspert əlavə edib ki, eyni zamanda yeni çəkilmiş radial yolun daxilində Mehdiabad xəttindən ikinci bir xəttin şəhər istiqamətinə gətirilməsi və bütün bu xətlərin vahid tramvay şəbəkəsi kimi fəaliyyət göstərməsi təmin olunacaq.
“Bundan başqa, Pirşağı stansiyasından Sea Breeze yaşayış məntəqəsinə qədər tramvay xəttinin tikilməsi, həmçinin yeni inşa olunan radial yolun tərkibində də tramvay infrastrukturunun yaradılması və ümumi şəbəkəyə qoşulması planlaşdırılır”.
Rauf Ağamirzəyevin sözlərinə görə, bu layihələr həyata keçirildikdən sonra Bakının mərkəzi və sıx zonalarında – İçərişəhər ətrafı, Sahil və “28 May” kimi ərazilərdə də tramvay nəqliyyatının tətbiqi mümkün ola bilər.
Ekspert vurğulayıb ki, dövlət proqramında nəzərdə tutulan layihələrin icrası şəhərin sıxlığının azalmasına müsbət təsir göstərəcək.
Müşviq Tofiqoğlu
KONKRET.az

