AZ

İrandan Avropa İttifaqına xəbərdarlıq

İran, İran İslam İnqilabı Keşikçilər Korpusunu (SEPAH) “terror təşkilatı” elan edən Avropa İttifaqına qarşı zəruri tədbirlər görəcəyini bəyan edib.

"Cebheinfo.az" xəbər verir ki, İran Xarici İşlər Nazirliyi Avropa İttifaqının (Aİ) İran İslam İnqilabı Keşikçilər Korpusunu “terror təşkilatı” elan etməsi ilə bağlı qərarına qarşı zəruri tədbirlərin görüləcəyini bildirib.

Nazirlik yazılı bəyanat yayaraq, Aİ-nin İnqilab Keşikçiləri Korpusunu hədəf alan qərarını qınayıb.Qeyd olunub ki, İran İslam Respublikasının rəsmi silahlı qüvvələrinin ayrılmaz hissəsi olan SEPAH ölkə Konstitusiyasına uyğun şəkildə İranın suverenliyini və milli təhlükəsizliyini qoruyur. Aİ-nin bu təşəbbüsünün yalnız SEPAH deyil, bütövlükdə İran xalqını hədəf aldığı vurğulanıb.

Məlumatda Aİ-nin bu qərarla beynəlxalq münasibətlərdə “hüququn aliliyi” prinsipini ciddi şəkildə pozduğu, bu mövqenin Avropanın beynəlxalq arenada konstruktiv aktor olma iddiasına zərər verdiyi və qlobal miqyasda hüquqsuzluğu təşviq etdiyi bildirilib.

Bəyanatda Aİ-nin fələstinlilərə qarşı həyata keçirilən soyqırımda İsrail rejiminin yanında yer aldığı, Təl-Əvivin İrana qarşı hücumu zamanı isə “cinayət ortağı” kimi hərəkət etdiyi qeyd olunub.

Avropalı rəsmilərin SEPAH-a qarşı “cəzasızlığın qarşısını alma” ilə bağlı açıqlamalarının isə “acı bir zarafat” olduğu ifadə edilib.

İran Xarici İşlər Nazirliyi Aİ-nin qəbul etdiyi qərarın siyasi, hüquqi və təhlükəsizlik nəticələrinə görə avropalı qərarvericilərin məsuliyyət daşıyacağını bildirərək, İran xalqının legitim maraqlarını qorumaq məqsədilə zəruri tədbirlərin görüləcəyini bəyan edib.

Seçilən
90
47
cebheinfo.az

10Mənbələr