Qaynarinfo saytından alınan məlumata görə, ain.az bildirir.
"Britaniya və Avropa İttifaqının SEPAH-ı terror təşkilatları siyahısına salmaları İranın beynəlxalq təcridini dərinləşdirəcək”.
Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Azər Hüseynov Avropa İttifaqının SEPAH-ı terror təşkilatları sırasına daxil etməsi və Böyük Britaniyanın da bu istiqamətdə addım atmağa çalışmasını şərh edərkən deyib. A. Hüseynovun fikrincə, bu addım İran üçün ciddi siyasi və iqtisadi nəticələr doğuracaq:
"Belə bir qərarın elan edilməsi texniki və hüquqi baxımdan çətin ola bilər, amma nəticə etibarilə bu, İranın beynəlxalq təcridini daha da dərinləşdirəcək və belədə Tehran üçün əlavə çətinliklər yaradacaq. Ancaq məsələ tammiqyaslı savaş mühitinə keçərsə, bütün tərəflər – o cümlədən İran – artıq bu reallığa psixoloji və strateji baxımdan hazır olacaq. İran vurulacağı təqdirdə, regionda proseslər kökündən dəyişəcək. Mövcud siyasi və iqtisadi balanslar dağılacaq, bazarların davranış qaydaları fərqli işləməyə başlayacaq, təhlükəsizlik anlayışı iqtisadi rasionalizmin önünə keçəcək”.
Ekspert qeyd edir ki, hazırkı Amerika administrasiyası İranın vurulmasını artıq nəzəri senari yox, real və mümkün variant kimi masada saxlayır:
"İran üçün "vurulma ehtimalı” yeni və ya fövqəladə bir vəziyyət deyil. Bu ehtimal uzun müddətdir mövcuddur və struktur xarakter daşıyır. Çünki artıq dünya siyasətində tərəflər açıq oynayır, gizli razılaşmaların və pərdəarxası balansların təsir gücü əvvəlki dövrlərlə müqayisədə xeyli zəifləyib. ABŞ və İsrailin strateji baxışında İranın raket potensialının güclənməsi, eləcə də Yaxın Şərqdə qurduğu geniş və peşəkar proksi şəbəkəsi əsas təhlükə mənbəyi kimi dəyərləndirilir. Bu şəbəkə təkcə hərbi deyil, siyasi və ideoloji təsir alətidir. Yəni "İran vurula bilər” fikri ehtimal yox, artıq daimi risk statusuna çevrilib”.

Konfliktoloq düşünür ki, belə bir mühitdə regiondakı bütün aktorlar üçün "nəyəsə nail olmağın yeganə yolu” kimi hərbi müdaxilə və güc tətbiqi önə keçəcək:
"Bu isə Yaxın Şərqi daha uzunmüddətli qeyri-sabitlik, qarşılıqlı eskalasiya və nəzarətdən çıxma riski ilə üz-üzə qoyur”.
Qeyd edək ki, ABŞ-la İran arasında münasibətlərin daha kəskin xarakter alması fonunda Avropa İttifaqı (Aİ) və Böyük Britaniya da Tehrana qarşı təzyiqləri gücləndirməyə başlayıb. Belə ki, Aİ İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı kimi tanıyıb. Bununla bağlı Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas "X" hesabında bildirib ki, öz xalqının minlərlə nümayəndəsini öldürən istənilən rejim öz sonu üçün çalışır.
Eyni zamanda, Böyük Britaniya hökuməti də SEPAH-ın qadağan olunmuş təşkilatlar siyahısına əlavə edilməsini nəzərdə tutan qanun layihəsi hazırlayır. Həmin qanun layihəsi 2026-cı ildə Parlamentə təqdim olunacaq. Məlumatda o da qeyd olunur ki, Böyük Britaniyanın Xarici İşlər Nazirliyi və xarici kəşfiyyat xidməti MI6 SEPAH-ın "qara siyahı"ya salınmasını dəstəkləmir. Onlar bu addımın London və Tehran arasında diplomatik kanalları məhv edəcəyi və Britaniya diplomatlarının İrandan çıxarılmasına səbəb olacağından ehtiyat edirlər.
Rüfət Sultan
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.