Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) Baş katibi Ərgüc Kələntərli təşkilatın Körfəz regionuna daxil olan bir sıra üzv ölkələrinə rəsmi səfərdə olub.
AZƏRTAC xəbər verir ki, səfər zamanı Körfəz ölkələrində mülki müdafiə, fövqəladə hallara hazırlıq və cavab tədbirlərinin təşkili sahəsində mövcud imkanların təyin olunması, habelə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.
Təşkilatın humanitar fəaliyyətinin müxtəlif aspektləri, xüsusilə Qəzza zolağında mövcud olan humanitar vəziyyət və bu istiqamətdə mümkün əməkdaşlıq imkanları da nəzərdə keçirilib.
Rəsmi səfərlər çərçivəsində Küveyt Dövlətinə səfəri zamanı Baş katib burada ölkənin Baş nazirinin birinci müavini və daxili işlər naziri, mülki müdafiə qurumunun rəhbər heyəti, eləcə də müvafiq tədris institutlarının nümayəndələri ilə görüşlər keçirib. Görüşlərdə qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə olunub, həmçinin Körfəz Əməkdaşlıq Şurasının Fövqəladə Halların İdarə Olunması Mərkəzinə səfər edilib, mərkəzin fəaliyyəti ilə yaxından tanışlıq aparılıb.
Baş katib Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfəri çərçivəsində ölkənin mülki müdafiə qurumunun rəhbəri ilə görüş keçirib, mülki müdafiə və fövqəladə hallara hazırlıq sahəsində ixtisaslaşmış institutlara baş çəkib. Eyni zamanda, Naif Təhlükəsizlik Elmləri Universitetinin prezidenti ilə görüş zamanı elm və tədris sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib.
Birləşmiş Ərəb Əmirliklərinə səfər zamanı mülki müdafiə qurumunun rəhbərliyi və aidiyyəti strukturların nümayəndələri ilə görüşlər keçirilib, Mülki Müdafiə Akademiyası ziyarət edilib. Akademiyanın fəaliyyəti barədə əhatəli təqdimat verilib, gələcək əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Həmçinin, Qətər Dövlətinə rəsmi səfər çərçivəsində Baş katib ölkənin Beynəlxalq Əməkdaşlıq üzrə Dövlət Naziri ilə görüş keçirib, tərəflər arasında mövcud və potensial əməkdaşlıq istiqamətləri müzakirə olunub. Bununla yanaşı, Qətərin mülki müdafiə qurumunun rəhbəri ilə keçirilən görüşdə mülki müdafiə, birgə təlimlərin və ixtisasartırma proqramlarının təşkili məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Keçirilən görüşlər zamanı tərəflər qarşılıqlı dialoqun və praktiki əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıb, BMMT ilə Körfəz ölkələri arasında mövcud münasibətlərin gələcəkdə də müsbət istiqamətdə inkişaf edəcəyinə dair əminlik ifadə ediblər.