AZ

BMMT-nin Baş katibi Körfəz ölkələrində rəsmi səfərdə olub

Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) Baş katibi Ərgüc Kələntərli bu ilin 20–30 yanvar tarixlərində Körfəz regionuna daxil olan Təşkilatın bir sıra üzv ölkələrinə rəsmi səfərlər həyata keçirib.

 

Bu barədə APA-ya BMMT-nin Mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, səfərlərin əsas məqsədi Körfəz ölkələrində mülki müdafiə, fövqəladə hallara hazırlıq və cavab tədbirlərinin təşkili sahəsində mövcud imkanların təyin olunması, aidiyyəti qurumların fəaliyyət istiqamətləri ilə yaxından tanışlıq, habelə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi imkanlarının müzakirəsi olub.

 

Keçirilən görüşlərdə, eyni zamanda, təşkilatın humanitar fəaliyyətinin müxtəlif aspektləri, xüsusilə Qəzza zolağında mövcud olan humanitar vəziyyət və bu istiqamətdə mümkün əməkdaşlıq imkanları da müzakirə edilib.

 

Rəsmi səfərlər çərçivəsində, Küveyt Dövlətinə səfəri zamanı Baş katib burada ölkənin Baş nazirinin birinci müavini və daxili işlər naziri, mülki müdafiə qurumunun rəhbər heyəti, eləcə də müvafiq tədris institutlarının nümayəndələri ilə görüşlər keçirmişdir. Görüşlərdə qarşılıqlı əməkdaşlıq perspektivləri müzakirə olunmuş, həmçinin Körfəz Əməkdaşlıq Şurasının Fövqəladə Halların İdarə Olunması Mərkəzinə səfər edilmiş, mərkəzin fəaliyyəti ilə yaxından tanışlıq aparılıb.

 

Baş katib, Səudiyyə Ərəbistanı Krallığına rəsmi səfəri çərçivəsində ölkənin mülki müdafiə qurumunun rəhbəri ilə görüş keçirmiş, mülki müdafiə və fövqəladə hallara hazırlıq sahəsində ixtisaslaşmış institutlara baş çəkmişdir. Eyni zamanda, Naif Təhlükəsizlik Elmləri Universitetinin prezidenti ilə görüş zamanı elm və tədris sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib.

 

Birləşmiş Ərəb Əmirliklərinə səfər zamanı mülki müdafiə qurumunun rəhbərliyi və aidiyyəti strukturların nümayəndələri ilə görüşlər keçirilmiş, Mülki Müdafiə Akademiyası ziyarət edilmişdir. Akademiyanın fəaliyyəti barədə əhatəli təqdimat verilmiş, gələcək əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

 

Həmçinin, Qətər Dövlətinə rəsmi səfər çərçivəsində Baş katib ölkənin Beynəlxalq Əməkdaşlıq üzrə Dövlət Naziri ilə görüş keçirmiş, tərəflər arasında mövcud və potensial əməkdaşlıq istiqamətləri müzakirə olunmuşdur. Bununla yanaşı, Qətərin mülki müdafiə qurumunun rəhbəri ilə keçirilən görüşdə mülki müdafiə, birgə təlimlərin və ixtisasartırma proqramlarının təşkili məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

 

Keçirilən görüşlər zamanı tərəflər qarşılıqlı dialoqun və praktiki əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulamış, BMMT ilə Körfəz ölkələri arasında mövcud münasibətlərin gələcəkdə də müsbət istiqamətdə inkişaf edəcəyinə dair əminlik ifadə ediblər.

Seçilən
32
4
qaziler.az

10Mənbələr