Xalq qazeti portalından alınan məlumata görə, ain.az xəbər verir.
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov və Azərbaycan Respublikası Prezidenti Administrasiyası Ərazi-təşkilat məsələləri şöbəsinin regionların sosial-iqtisadi inkişafının təhlili sektorunun müdiri Müşfiq Osmanov rayon ərazisində fəaliyyət göstərən bir sıra istehsal və aqrar müəssisələrin fəaliyyəti ilə yerində tanış olublar.
Rayonun Quşqara kəndində yerləşən “Xanni-2017” müəssisəsinin rəhbəri məlumat verərək bildirdi ki, “Xanni-2017” ölkənin ilk və yeganə əlcək istehsalçısıdır. İstehsalda yüksəkkeyfiyyətli xammaldan istifadə olunur, məhsullar beynəlxalq standartlara cavab verən müasir avadanlıqlar vasitəsilə hazırlanır.
Uyğunluq sertifikatı almış əlcəklər müəyyən edilmiş keyfiyyət və təhlükəsizlik tələblərinə tam cavab verir. Müəssisə daxili bazarla yanaşı, xarici bazarlara da çıxış əldə edib, 2018-ci ildən etibarən Qazaxıstan, Gürcüstan və Rusiya şirkətləri ilə əməkdaşlıq qurub. Bu isə yerli sənaye məhsullarının ixrac potensialının artmasına mühüm töhfə verir. Müəssisənin fəaliyyəti, eyni zamanda, rayon əhalisinin məşğulluğunun artırılmasında əhəmiyyətli rol oynayır.
Daha sonra rayonun Qızılca kəndində yerləşən “Şirin Aqro” QSC-nin intensiv meyvə bağlarına baxış keçirilib. Cəmiyyətin rəhbəri tərəfindən verilən məlumata görə, 220 hektar ərazidə salınmış bağlarda 190 hektar şaftalı, 20 hektar gilas və 10 hektar ərik ağacları əkilib. Bağlarda müasir aqrotexniki üsullardan istifadə olunur, bu da məhsuldarlığın yüksəldilməsinə şərait yaradır.
Müəssisənin illik meyvə istehsalı gücü 8 min ton təşkil edir. Hazırda burada 250 nəfər mövsümi, 28 nəfər isə daimi işlə təmin olunub. “Şirin Aqro” QSC fəaliyyətə başladığı ilk dövrlərdə yerli bazardan meyvə məhsullarının tədarükü və ixracı ilə məşğul olmuş, 2020–2021-ci illərdə isə fəaliyyətini genişləndirərək Göygöl, Qusar və Zəngilan rayonlarında da intensiv meyvə bağları salmışdır.
Qeyd edildi ki, müəssisə təkcə meyvə istehsalı ilə kifayətlənmir. Təsərrüfatda istifadə üçün illik 1,5 milyon ədəd plastik yeşik, 40 min ədəd beton dirək və 72 min kvadratmetr hasar toru istehsal olunur. Bu da daxili tələbatın ödənilməsinə və istehsal xərclərinin optimallaşdırılmasına imkan yaradır.
Eyni zamanda, müəssisəyə məxsus 3 hektar torpaq sahəsinin 1,5 hektarında soyuducu anbar kompleksinin tikintisi ilə bağlı ilkin planlaşdırma işlərinə başlanıldığı bildirildi. Meyvələrin çeşidlənməsi, saxlanılması və qablaşdırılması bölmələrindən ibarət olacaq bu anbarda 35 yeni daimi iş yerinin yaradılması nəzərdə tutulur.
Hamlet QASIMOV,XQ-nin bölgə müxbiri
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.