ABŞ Prezidenti Donald Tramp Kanadanın ABŞ-də yerləşən "Gulfstream Aerospace" şirkətinə məxsus təyyarələri sertifikatlaşdırmaqdan imtina etməsinə cavab olaraq, Kanada istehsalı olan bütün təyyarələrin ABŞ-də sertifikatlarının ləğv edildiyini bildirib.
Far.Az xəbər verir ki, Tramp bu barədə sosial şəbəkə hesabında paylaşım edib. O, Kanadanın "Gulfstream 500, 600, 700 və 800" modellərini sertifikatlaşdırmamasına sərt reaksiya verib.
ABŞ prezidenti qeyd edib ki, Kanadanın bu addımı ədalətsiz və qanunsuzdur. Onun sözlərinə görə, Gulfstream tam şəkildə sertifikatlaşdırılana qədər "Bombardier Global Express" təyyarələri də daxil olmaqla Kanadada istehsal olunan bütün hava gəmiləri ABŞ-də sertifikatsız hesab ediləcək.
"Gulfstream böyük Amerika şirkətidir və bu təyyarələr illər əvvəl sertifikatlaşdırılmalı idi", – deyə Tramp vurğulayıb.
Tramp Kanadanın sertifikasiya prosesi vasitəsilə Gulfstream təyyarələrinin satışını faktiki olaraq əngəllədiyini iddia edib. O, vəziyyətin dərhal dəyişdirilməyəcəyi təqdirdə Kanadadan ABŞ-yə satılacaq bütün təyyarələrə 50 faiz gömrük rüsumu tətbiq ediləcəyi ilə bağlı xəbərdarlıq edib.