İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) nəşr etdiyi “İxrac icmalı”nın 2026-cı ildə ilk buraxılışı ötən ilin yekunlarına həsr olunub.
Qeyd edilib ki, 2025-ci ilin yanvar-dekabr aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) tərəfindən dünyanın 43 ölkəsinə 18,1 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib. “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 66%-ni təşkil edib. 2025-ci ilin dekabr ayında isə “Azərkosmos” dünyanın 35 ölkəsinə 1,7 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.
Hesabat dövründə peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində 4,6 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 3,5 milyon ABŞ dolları ilə Lüksemburq, 1,3 milyon ABŞ dolları ilə İsveç, 861 min ABŞ dolları ilə Türkiyə, 823,9 min ABŞ dolları ilə Nigeriya qərarlaşıb.
