AZ

50 manata xırda üstündə dava düşdü  

Astara rayonunda 1980-ci il təvəllüdlü Saleh həmkəndlisi və ögey bacılarının əmisi oğlu Amala (adlar şərtidir – red.) xəsarət yetirib.

KONKRET.az bildirir ki, demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin martın 23-də rayonun kəndlərindən birində baş verib. Saleh həmin gün saat 11 radələrində kənddə yerləşən marketdə heç bir əsaslı səbəb olmadan Amalla mübahisə edib. Saleh Amalın martın 20-də, saat 18 radələrində kənddə yerləşən aptekdə onun arvadı Əsmərə qarşı kobudluq etməsini bəhanə gətirib və onun üzərinə hücum edib. O, yumruqla bir neçə dəfə Amalın sifət nahiyəsindən vurub.

Hadisəni törədən Salehin barəsində Cinayət Məcəlləsinin 127.2.3-cü (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə ifadə verən Saleh ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Amal onun həmkəndlisidir, həmçinin ögey bacılarının əmisi oğludur, münasibətləri normal olub: “Mərhum atamın sağlığında bir-birimizin evinə gediş-gəlişimiz olub. 2025-ci ilin martın 22-də, axşam saatlarında yaşadığım evdə olan zaman arvadım Əsmər iki gün əvvəl aptekdə Amal dərman alan zaman kobud şəkildə onunla rəftar etməsini, aldığı dərmanın pulunu üstünə çırpmasını bildirdi. Onun arvadıma qarşı belə bir hərəkət etməsini qəbul edə bilmədim”.

Təqsirləndirilən şəxs qeyd edib ki, martın 23-də, saat 10-11 radələrində marketə siqaret almaq üçün gedən zaman orada Amalı görüb: “Amalla salamlaşdım və bir neçə gün əvvəl arvadım Əsmər ilə kobud şəkildə rəftar etməsinin səbəbini soruşdum. O, isə “sən kimsən, haranın küçüyüsən ki, məndən belə söz soruşursan” sözlərini dedi. Mən də onun bu sözlərindən əsəbiləşdim və yumruqla bir neçə dəfə sifətindən vurdum. Dava-dalaş zamanı səs-küyə gəlmiş adını bilmədiyim bir oğlan bizi ayırdı, məni Amaldan uzaqlaşdırdı. Bundan sonra yaşadığım evə getdim”.

Təqsirləndirilən şəxs deyib ki, Amala anidən zərbə vurmasının səbəbi kimi uzun müddət onda olan xəstəliklə bağlı ağır dərmanlar qəbul etməsi olub. O, Amalla barışdığını, əməlindən çox peşman olduğunu deyib.

İş üzrə zərərçəkmiş Amalın sözlərinə görə, martın 20-də, təxminən saat 18 radələrində Elşən adlı şəxsə məxsus olan aptekə ürək və təzyiq dərmanı almaq üçün gedib:

“Dərmanı aldıqdan sonra aptekdə işləyən Salehin arvadı Əsmərə 50 manat verərək dərmanın pulunu çıxmasını istədim. Lakin, Əsmər bayram günləri olduğu üçün 50 manat puldan dərmanın pulunu çıxıb, qalığını qaytarmaq üçün xırda pul olmadığını bildirdi. Mən isə əsəbiləşdim və aldığım dərmanları götürərək 50 manat pulu kassanın yanına qoydum və oradan getdim. Bundan 3 gün sonra marketin içərisində olan zaman Saleh mənə yaxınlaşdı və bir neçə gün əvvəl aptekdə arvadına qarşı kobudluq etdiyini bildirdi, narazılıq etdi. Mən ona belə bir hal baş vermədiyini, Əsmərə qarşı kobudluq etmədiyimi izah etməyə çalışdım. Bu zaman gözləmədiyim bir anda Saleh əvvəlcə yumruqla sağ gicgah nahiyəmdən bir dəfə vurdu. Daha sonra bir dəfə yumruqla burnumdan, sonda isə kəllə ilə sifətimdən vurdu. Salehin vurduğu zərbələrin təsirindən yerə yıxıldım”.

Astara Rayon Məhkəməsinin hökmü ilə Saleh 1 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Təqsirləndirilən şəxsə cəzaçəkmə müddəti ərzində Astara və Lənkəran rayonlarının ərazi hüdudlarını tərk etməsi, yaşayış yeri olan Astara rayonunun kəndində yerləşən evi hər gün gecə saat 24:00-dan səhər saat 06:00-dək tərk etməsi qadağan olunub.

Bundan başqa, ona bu müddət ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsini yerinə yetirməsi tapşırılıb.

Seçilən
0
17
konkret.az

10Mənbələr