AZ

Ermənistan milləti var ki, Azərbaycan milləti də olsun?! - Ya azər, ya azəri, ya türk...



Hafiz Cabbarov: “Azərbaycanlı ifadəsi bir insanın milli mənsubiyyətini deyil, coğrafi məkanını bildirir”

Faiq Ələkbərli: “Milli kimlik kimi türk xalqı adı və türk dili Konstitusiyamızda öz əksini tapmalıdır”

Son günlər “azəri”, “azər” milləti ifadəsi ətrafında geniş müzakirələr açılıb. Azərbaycan türklərinin “azəri”, yoxsa “azər” adlandırılması ilə bağlı çox böyük mübahisələr yaranıb. Bəziləri “azəri” sözünün bizə aidiyyəti olmadığını, bəziləri isə bunun Cənubi Azərbaycanında yaşayan türk əhalisini ifadə etmək üçün istifadə olunduğunu, “azəri” termininin dil baxımından uydurma və ya tamamilə yad anlayış olmadığını deyir. Məsələn, professor Firudin Cəlilov deyir ki, “azəri” fars sözüdür, bu, “azər” olmalıdır.

Bütün bunların fonunda Azərbaycanda xalqının adının nəhayət dəqiq şəkildə müəyyənləşdirməyin vaxtı gəlib çatmayıbmı?

İndiyə qədər Azərbaycan xalqı deyilib. Məsələn, Ermənistan, Gürcüstan, Rusiya xalqı var ki, Azərbaycan xalqı da olsun. Nə vaxta qədər millətin adı bu torpağın, yerin adı ilə adlanacaq?

Bu ya “azər, ya azəri, ya da türk milləti olaraq müəyyənləşdirilib rəsmiləşdirilməlidir. Əvvəllər deyirdilər ki, Qarabağ problemi var, ölkədə milli birliyi qorumaq lazımdır. Buna görə də, bu kimi məsələlərdən danışmaq olmaz, çünki bu ölkəmizdə yaşayan qeyri-türklərin xətrinə dəyər və sair. Bəyəm Türkiyədə türk milləti, türk xalqı sözü yoxdu? Türk xalqı demirlər? Orada da bir çox millətlər yaşayır, neçə milyon kürd var. Türk sözü orada kimin xətrinə dəyir ki, Azərbaycanda da hansısa etnik qrupun, millətin xətrinə dəysin. Təbii ki, hər bir ölkənin aparıcı etnosu, həmin o dövlətin dövlətçiliyini çiynində saxlayan əsas çoxluq təşkil edən xalq var. O xalqın adı düz qoyulmalıdır. Burada da Azərbaycan dövlətini çiynində saxlayan çox təşkil edən xalq var-türklər. Amma bu xalqın adı düzgün ifadə olunmalı, nəhayət ki, özünə qaytarılmalıdır. “Azər türkü”, yoxsa “azəri türkü”, hər hansınısa seçib əsaslandırıb bərpa etmək tam yerinə düşərdi. Hər nə olursa bu xalqın adı dövlətin adı ilə yox, öz adı ilə Konstitusiyada yazılmalıdır. Bu xalqın adı Konstitusiyada təsbit olunmalıdır.

“Azərbaycan tarixi” dərsliklərinin həmmüəllifi, tarixçi Hafiz Cabbarov baki-xeber.com-a Azərbaycan coğrafiyanın adıdır və bu ad Dərbənddən Həmədana qədər coğrafiyanı əhatə edir. “Bu orta əsrlərin ilk dövrlərində ərəb mənbələrindən tutmuş müasir dövrdə Avropa və rus mənbələrinə qədər bütün mənbələrlə təsdiq edilir. Bu coğrafiyanın dili isə türk dilidir. Nöqtə və nida işarəsi. Əsrlərlə bizimlə birlikdə sevinən, birlikdə kədərlənən talış, ləzgi, avar, saxur, kürd isə qardaşımızdır.

“Azəri” ifadəsi milliyətcə Azərbaycan türkü olan, lakin şüur olaraq Pəhləvi sülaləsinin ideoloji nökəri olan Əhməd Kəsrəviyə aiddir. Bu siyasi təbliğat məqsədilə irəli sürülmüş ifadədir. Əslində “azəri” adını icad etmək üçün Kəsrəviyə sifarişi verən siyasi iradə Cənubi Azərbaycanı Şimali Azərbaycandan ayırmaq məqsədini güdürdü. Guya Azərbaycan adı Cənubi Azərbaycanda yaşayan “İran dilli azəri xalqının” adı ilə bağlıdır. Çox təəssüf ki, tarix elmi həmişə siyasi iqtidarların məqsədləri üçün siyasi-ideoloji platsdarm kimi istifadə edilmişdir. Nəticıdə belə süni problemlər yaranmışdır. Bir daha vurğulamaq istəyirəm ki,Dərbənddən Həmədana qədər coğrafiya xalqımızın Azərbaycan adlı vətəni, dili isə türkdür! Qalan fikirlər təfərrüatdır”.

Nəhayət ki, xalqımızın adının Konstitusiyada öz adı ilə adlandırılmasına gəlincə, H.Cabbarov bildirdi ki, bu olduqca vacibdir: “Bəli, haqlısınız. Azərbaycan ölkənin və dövlətin adıdır. Bu dövlətin və ölkəninin dominant etnosu Azərbaycan türkləridir. Biz türk adlananda Anadolu türkləri Osmanlı adlanırdı. Sonra Mustafa Kamal Atatürk doğru olaraq dövləti Türkiyə, milləti türk adlandıranda Stalin Azərbaycan türklərini süni "azərbaycanlı" adlandırmaq göstərişi verir. Azərbaycanlı ifadəsi bir insanın milli mənsubiyyətini deyil, coğrafi məkanını bildirir. Azərbaycan Respublikasının bütün vətəndaşları azərbaycanlıdır. Bu üstkimlikdir. Türk, talış, tat, ləzgi və s. isə altkimlik.

Baxın millətçiliyin və müasir demokratiyanın yarandığı Fransada bütün vətəndaşlar milliyətindən asılı olmayaraq "fransız" yazılır”.

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitunun şöbə müdiri, fəlsəfə doktoru Faiq Ələkbərlinin də bu məsələ ilə bağlı fikrini öyrəndik. F.Ələkbərli baki-xeber.com-a bildirdi ki, Azərbaycan əhalisinin, cəmiyyətinin milli və vətəndaş kimliyi dəqiq olmalıdır: “1918-ci ildə Azərbaycan Xalq Cumhuriyyəti yarananda bu məsələlər dəqiq idi. Dövlətimizin adı Azərbaycan Cumhuriyyəti, biz isə millət olaraq da Azərbaycan türkləri adlanırdıq. Siyasi anlamda dövlət kimliyi və vətəndaş kimliyi olaraq bir azərbaycanlı kimliyi də formalaşırdı. Konkret olaraq o dövrdə dilimizin adı türk dili, millətimizin adı da türk idi. İndinin özündə xalqımızın “azəri” adlandırılmasını qətiyyən qəbul etmir. Azərbaycanlı adlandırmaq bir dövlət və vətəndaş kimliyi olaraq mümkündür. Ancaq biz şübhəsiz, türkük və türk milli və sosial kimliyin daşıyıcılarıyıq. Gec-tez Konstitusiyamızda da türk xalqı, türk dili ifadəsi öz əksini tapacaq. Zatən, Azərbaycan dili demək türk dili deməkdir. Yəni mənə elə gəlir ki, bu məsələdə bir dəqiqlik olacaq”.

F.Ələkbərli qeyd etdi ki, millətimizin adının Konstutusiyada türk olaraq yazılması daha doğru olardı, türk milli kimliyimiz üç rəngli bayrağımızda da öz əksini tapıb. “Hesab edirəm ki, dövlət kimliyi kimi azərbaycanlı ola bilər. Ancaq milli kimlik kimi türk xalqı adı və türk dili Konstitusiyamızda öz əksini tapmalıdır”.

İradə SARIYEVA

Faiq Ələkbərli: “Milli kimlik kimi türk xalqı adı və türk dili Konstitusiyamızda öz əksini tapmalıdır”

Seçilən
46
14
baki-xeber.com

10Mənbələr