Azərbaycan qanunvericiliyi deputatların fəaliyyət sahələrini aydın şəkildə tənzimləyir və sahibkarlıq fəaliyyəti ilə məşğul olan millət vəkillərinin statusu uzun müddət cəmiyyətin diqqət mərkəzində olub.
Konstitusiyanın 89-cu maddəsinin 1-ci hissəsi deputatın mandatından hansı hallarda məhrum edilə biləcəyini göstərir. Xüsusilə 4-cü bəndində açıq şəkildə qeyd edilir ki, deputat dövlət orqanlarında vəzifə tutduqda, din xadimi olduqda, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda mandatından məhrum edilir, yalnız elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti bu məhdudiyyətdən istisnadır. Bu norma parlamentin müstəqilliyini qorumaq, maraq toqquşmalarının qarşısını almaq və qanunvericilik prosesində şəffaflığı təmin etmək məqsədi daşıyır.

Dövlət Vergi Xidmətinin məlumatına görə, 28 yanvar 2026-cı il tarixinə deputat statusu olan və aktiv vergi ödəyicisi olaraq fərdi sahibkarlıq fəaliyyəti göstərən şəxslərin siyahısı müəyyənləşdirilib. Siyahıya daxil olan millət vəkilləri bunlardır: Seyidzadə Şahin Kamil oğlu (87 saylı Qobustan-Şamaxı-İsmayıllı seçki dairəsi), Nəsirov Elman Xudam oğlu (42 saylı Cəlilabad kənd seçki dairəsi), Qədirli Erkin Toğrul oğlu (16 saylı Yasamal ikinci seçki dairəsi), Akimova Elnarə Seydulla qızı (46 saylı Sumqayıt beşinci seçki dairəsi) və Əliyev Bəxtiyar Həmzə oğlu (119 saylı Ağdam seçki dairəsi). Bu məlumat dövlət orqanlarının rəsmi qeydiyyatına əsaslanır və millət vəkillərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olub-olmaması barədə dəqiq göstərici verir.
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov bildirib ki, bu vəziyyət həm hüquqi, həm də etik baxımdan bir sıra vacib suallar doğurur.
Hüquqşünas bildirib ki, Konstitusiyanın 89-cu maddəsi açıq şəkildə deputatların sahibkarlıq və kommersiya fəaliyyətindən uzaq durmasını tələb edir: “Əgər deputat fərdi sahibkarlıq fəaliyyəti göstərirsə və dövlət orqanlarında işləmirsə, bu, qanunla qadağan olunan maraq toqquşmasına səbəb ola bilər. Belə hallar qanunvericilikdə nəzərdə tutulmuş mandat məhrum etmə mexanizminin tətbiqini zəruri edir. Qanun həm şəffaflığı təmin etmək, həm də vətəndaşların dövlət orqanlarına etimadını qorumaq məqsədi güdür. Bu məsələdə əsas hüquqi problem deputatların sahibkarlıq fəaliyyətinin rəsmi qeydiyyatı və onun izlənilməsi ilə bağlıdır. Dövlət orqanlarının aktiv monitorinqi və parlamentin daxili nizamnaməsi belə halların vaxtında aşkarlanmasına və qanun çərçivəsində tədbir görülməsinə imkan verir. Bu yanaşma həm qanunvericiliyin tələblərinə riayət olunmasını təmin edir, həm də deputatların ictimai etimadını qoruyur”.
Natiq Ələsgərovun sözlərinə görə, mövcud vəziyyət göstərir ki, bəzi millət vəkilləri aktiv vergi ödəyicisi kimi sahibkarlıq fəaliyyəti ilə məşğuldur: “Hüquqi baxımdan bu, Konstitusiyanın 89-cu maddəsinin tələbləri ilə uyğun gəlmir. Qanunun tətbiqi və monitorinqi məsələsi xüsusi əhəmiyyət daşıyır. Dövlət orqanları və parlament strukturları tərəfindən bu cür halların vaxtında araşdırılması və qanuni prosedurların həyata keçirilməsi şəffaflıq və vətəndaş etimadının qorunması baxımından kritikdir”.