AZ

Yeganə Hacıyeva: “ABŞ-nin texnika cəmləşdirməsi mümkün hərbi variantlara hazırlıq xarakteri daşıyır”

“İranda məhkəmə qərarı olmadan edilən edamlar daxili siyasətdə sərtlik və müxalifətin boğulması məqsədi ilə aparılır. Ara-sıra xarici vətəndaşların edam olunması ilə bağlı məlumatlar gəlir ki, bu hərbi eskalasiya üçün ciddi risk yaradır”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Mətbuat Şurası İdarə Heyətin üzvü, politoloq Yeganə Hacıyeva bildirib.

 

O qeyd edib ki, bu günə qədər ABŞ-nin  reaksiyaları siyasi təzyiq, sanksiyalar və diplomatik eskalasiya səviyyəsindədir: “Simvolik hərbi təlimlər izlənilir, lakin genişmiqyaslı hərbi eskalasiya üçün əlavə və daha ciddi texnika ilə qüvvələr körfəzdə cəlb olunur. Hazırda ABŞ və İranın  addımları diplomatiya və iqtisadi vasitələr üzərində formalaşır, genişmiqyaslı hərbi eskalasiya üçün isə konkret təhdidləri, riskləri analiz edilir. Qeyd edim ki, ABŞ Yaxın Şərqdə hərbi zərbəni həmişə son variant kimi masada saxlayır. Bunu yalnız digər, bütün diplomatik və iqtisadi vasitələr nəticəsiz qaldıqda reallaşdırmağı planlaşdırır. Çünki hərbi eskalasiya yalnız iki tərəfi deyil, həm də bütün Yaxın Şərqdə sabitliyi riskə ata bilər. İrana yönələcək hərbi hücum böyük regional müharibə riskini artırır. Bundan isə regionda həm də ABŞ-nin maraqları üçün də ciddi siyasi və iqtisadi nəticələr doğacaq. Bu halda, ABŞ-nin Yaxın Şərqdə yerləşən hərbi bazaları, eləcə də enerji daşımaları və logistika üçün strateji əhəmiyyət daşıyan əsas nəqliyyat marşrutları ciddi risk altına düşə bilər. İranın regional müttəfiqləri, İraq, Suriya, Livan və Yəməndə mövcud olan, İran tərəfindən ideoloji, maliyyə və hərbi baxımdan dəstəklənən və ona yaxın silahlı qruplar bu infrastrukturu potensial hədəf kimi qiymətləndirə bilərlər. Uzun illərdir onlar Hörmüz boğazı, Qırmızı dəniz və quru-logistika xətləri üzərində qeyri-ənənəvi müharibə üsullarından istifadə edərək ABŞ və onun müttəfiqlərinin hərbi bazalarına, logistik xətlərinə və strateji obyektlərinə qarşı dolayı təzyiq mexanizmi rolunu oynayırlar. Bu qruplar İranın birbaşa hərbi toqquşmaya girmədən regional balansa təsir və qarşı tərəf üçün riskləri artırmaq strategiyasının əsas elementlərindən biri hesab olunur. Bu isə təkcə hərbi təhlükəsizlik məsələsi deyil, eyni zamanda qlobal enerji bazarlarına, ticarət axınlarına və beynəlxalq iqtisadi sabitliyə birbaşa təsir göstərə biləcək amildir”.

Y.Hacıyeva vurğulayıb ki, eskalasiya, indiki mərhələdə bir neçə nüans üzərindən real ehtimal kimi görünür: “ABŞ-nin regionda güc və texnika cəmləməsi sadəcə təzyiq və qorxutma vasitəsi kimi nəzərdə tutulmur. Eskalasiya ehtimalı mövcud mərhələdə bir neçə mühüm nüans fonunda real görünür. ABŞ-nin regionda bu qədər geniş hərbi güc və texnika cəmləşdirməsi mümkün hərbi variantlara hazırlıq xarakteri daşıyır. Regionda belə hərbi genişlənmə adətən diplomatik mesajlarla müşayiət olunsa da, tarix və təcrübə göstərir ki, onlar praktik əməliyyatlara keçid üçün ilkin mərhələ rolunu oynayır. Bu səbəbdən də mövcud proseslər sadəcə siyasi siqnal kimi deyil, potensial eskalasiya üçün formalaşan əməliyyat mühiti kimi də qiymətləndirilə bilər”.

 

Xatırlatma: İranda kütləvi etirazlar 2025-ci ilin dekabrında milli valyutanın (rial) kəskin dəyər itirməsi nəticəsində başlayıb. İlk vaxtlar iqtisadi etirazlar olan aksiyalar qısa müddətdə siyasi xarakter alaraq ölkənin bir çox böyük şəhərinə yayılıb və minlərlə insanın həbsi, ölümü ilə nəticələnib.

 

Şəhanə Quliyeva

Tarix: 30 Yanvar 2026, 08:02   
Seçilən
56
50
pravda.az

10Mənbələr