İranda artıq 15 gündür davam edən etirazlar ən gərgin və faciəvi mərhələsinə çatıb. Məlumatlara görə, indiyədək 544 nəfər həlak olub, minlərlə insan isə müxtəlif dərəcəli ağır xəsarətlər alıb. Bildirilir ki, SEPAH qüvvələri ölkədə internetin kəsilməsi və xarici əlaqələrin bloklanmasından istifadə edərək etirazçıları odlu silahlarla, işgəncələr nəticəsində qətlə yetirir.
Mövcud vəziyyət ölkədə repressiyaların daha da sərtləşdiyini açıq şəkildə göstərir. Bu isə İrandan qonşu ölkələrə, o cümlədən Azərbaycana mümkün qaçqın axını ehtimalını gündəmə gətirir. Belə bir ssenarinin baş verməsi halında Azərbaycanın buna nə dərəcədə hazır olduğu sualı aktuallaşır.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Vasif Həsənli bildirib ki, İranda baş verən proseslər Azərbaycan sərhədlərinin bilavasitə yaxınlığında cərəyan edir və bu, müəyyən narahatlıq yaradır.
Onun sözlərinə görə, hadisələr vətəndaş müharibəsi mərhələsinə keçərsə, Azərbaycana qaçqın axını mümkündür və bu, arzuolunan hal deyil:
“Suriyadan Türkiyəyə yönəlmiş qaçqın dalğası bunun real nümunəsidir. Azərbaycanda isə miqrantların qəbulu və yerləşdirilməsi ilə bağlı yetərli qanunverici baza mövcud deyil. Burada söhbət sadəcə miqrantların qəbulundan yox, onların yerləşdirilməsi və təminatından gedir”.
Siyasi şərhçi qeyd edib ki, bu proses yalnız sığınacaq məsələsi ilə məhdudlaşmır, eyni zamanda sosial və təhlükəsizlik riskləri də yaradır:
“Qaçqınların Avropaya üz tutmasının əsas səbəbi onların təminatının orada dövlət siyasətinin tərkib hissəsi olmasıdır. Bu baxımdan hesab edirəm ki, Azərbaycana kütləvi miqrant axını baş verməsi ehtimalı yüksək deyil. Lakin kiçik bir ölkəyə on minlərlə qaçqının daxil olması belə ciddi sosial və təhlükəsizlik problemləri yarada bilər. Xüsusilə nəzərə almaq lazımdır ki, miqrasiya dalğasından istifadə edərək ölkəyə terror elementləri də sızdırıla bilər”.
Ekspertin fikrincə, regionda vəziyyətin gərginləşməsi fonunda Azərbaycan ehtiyatlı və qabaqlayıcı addımlar atmalı, mümkün risklərə qarşı hazırlıq planları üzərində düşünməlidir.