Müəssisə-təşkilatların, habelə sahibkarlıqla məşğul olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi qaydalarında, fövqəladə vəziyyət şəraitində rabitədən istifadə üçün xüsusi qaydalarda dəyişiklik edilib.
Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Sənədə əsasən, ciddi hesabat blankları (Mərkəzi Bank tərəfindən yaradılan Hökumət Ödəniş Portalının, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyindəki İnnovasiyalar Mərkəzinin "ASAN ödəniş" informasiya sisteminin ödəniş barədə və "Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)" publik hüquqi şəxsin strukturuna daxil olan "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Müxtəlif Yığımlar üzrə Mərkəzləşdirilmiş İnformasiya Sisteminin, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin Daşımaları üzrə Avtomatlaşdırılmış İdarəetmə Sisteminin, "Azərpoçt" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tətbiq edilən "Poçt-maliyyə xidmətləri" Avtomatlaşdırılmış Korporativ İnformasiya Sisteminin çıxarışları istisna olmaqla) onların hazırlanması fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslər tərəfindən sifarişçilərin vəsaiti hesabına çap ediləcək.
Maliyyə Nazirliyi ilə razılaşdırmaqla, Hökumət Ödəniş Portalının çıxarışlarının uçotu qaydaları AMB tərəfindən, "ASAN ödəniş" informasiya sisteminin ödəniş barədə çıxarışlarının uçotu qaydaları "ASAN Xidmət" tərəfindən, AZAL-ın Müxtəlif Yığımlar üzrə Mərkəzləşdirilmiş İnformasiya, "Poçt-maliyyə xidmətləri" Avtomatlaşdırılmış Korporativ İnformasiya, və ADY-nin Sərnişin Daşımaları üzrə Avtomatlaşdırılmış İdarəetmə sistemlərinin çıxarışlarının uçotu qaydaları Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən müəyyən ediləcək.
Bu Qaydaların bəzi bəndlərinin müddəaları Hökumət Ödəniş Portalının, "ASAN ödəniş" informasiya sisteminin ödəniş barədə və AZAL-ın Müxtəlif Yığımlar üzrə Mərkəzləşdirilmiş İnformasiya, ADY-nin Sərnişin Daşımaları üzrə Avtomatlaşdırılmış İdarəetmə, "Azərpoçt" tərəfindən tətbiq edilən "Poçt-maliyyə xidmətləri" Avtomatlaşdırılmış Korporativ İnformasiya sistemlərinin çıxarışlarına şamil edilməyəcək.