“Real Sosyedad”a rəhbərlik edən Pelleqrino Matarasso İspaniya La Liqasında 2026-cı ilin yanvar ayının ən yaxşı məşqçisi seçilib.
Arena.az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
“Real Sosyedad” yanvar ayında ölkə çempionatı çərçivəsində keçirdiyi 4 oyunun 3-də qalib gəlib, 1-də heç-heçə edib. San-Sebastyan təmsilçisi ötən ay “Atletiko” ilə heç-heçə (1:1) edib, “Xetafe” (2:1), “Barselona” (2:1) və “Selta” (3:1) üzərində qələbələr qazanıb.
“Real Sosyedad” hazırda La Liqanın turnir cədvəlində 8-ci pillədə qərarlaşıb.
Pelleqrino Matarasso 2025-ci ilin dekabr ayında “Real Sosyedad”a baş məşqçi təyin edilib. Amerika Birləşmiş Ştatlarından olan 48 yaşlı mütəxəssisin bu klubla müddəti 2027-ci ilin 30 iyununadək nəzərdə tutulmuş müqaviləsi var. O, “Real Sosyedad”ı bütövlükdə 5 oyuna çıxarıb, 4 qələbə, 1 heç-heçə görüb.
Matarasso daha öncə “Nürnberq” (2-ci komanda), “Ştutqart” və “Hoffenhaym”da da baş məşqçi kimi çalışıb. O, karyerası ərzində ilk dəfə La Liqada ayın ən yaxşısı seçilir.
Cari mövsümdə İspaniya La Liqasında ilk belə mükafatı “Real”ı çalışdırarkən Xabi Alonso qazanıb. O, avqust ayının ən yaxşısı seçilmişdi. Sentyabrda “Elçe”ni çalışdıran Eder Sarabiya fərqlənib, oktyabrda “Rayo Valyekano”ya rəhbərlik edən İnyiqo Peres, noyabrda “Vilyarreal”ı çalışdıran Marselino Qarsiya Toral, dekabrda isə “Espanyol”un sükanı arxasında olan Manolo Qonsales ayın ən yaxşı məşqçisi elan edilib.
