AZ

Azərbaycan və Aİ Naxçıvan dəmir yolu layihəsi üzrə əməkdaşlığa başlayır

Bakı, 29 yanvar, AZƏRTAC

Azərbaycan və Avropa İttifaqı (Aİ) Avropa Yenidənqurma və İnkişaf Bankı ilə birgə Naxçıvan dəmir yolu layihəsi üzrə texniki-iqtisadi əsaslandırmanın hazırlanmasına başlamaq barədə razılığa gəliblər.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyindən AZƏRTAC-a məlumat verilib.

Belə ki, bu Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında Qlobal Dəhliz (Global Gateway) təşəbbüsü və bu yaxınlarda təqdim edilmiş Regionlararası Bağlantılar Proqramı çərçivəsində tərəfdaşlığın gücləndirilməsi barədə əldə edilən razılıq əsasında mümkün olub.

Razılığa əsasən, tərəflər nəqliyyat, enerji və ticarət sahələrində davamlı və sabit əlaqələrin qurulması yolu ilə yeni iqtisadi imkanlar yaratmağı, uzunmüddətli ortaq rifahı, əməkdaşlığı və sülhü təşviq etməyi hədəfləyirlər.

Bildirilib ki, Naxçıvan dəmir yolu layihəsi Azərbaycanda və daha geniş regionda mobilliyin və iqtisadi axınların yaxşılaşdırılması baxımından mühüm investisiya hesab olunur. Sözügedən dəmir yolu Avropa ilə Mərkəzi Asiyanı 15 günlük planlaşdırılmış tranzit müddəti çərçivəsində birləşdirməyi hədəfləyən daha geniş Transxəzər Nəqliyyat Dəhlizinin tərkib hissəsidir.

Avropa ilə Asiya arasında marşrutların şaxələndirilmiş, etibarlı və sabit olması ortaq strateji maraqlara xidmət edir. Bu marşrutların yaratdığı faydalar qarşılıqlıdır və həddindən artıq asılılıq risklərini azaldır.

İkitərəfli və regional dəstək proqramları ilə yanaşı, innovativ maliyyə alətlərindən istifadə etməklə həyata keçiriləcək gələcək prioritet layihələr Aİ ilə Azərbaycan arasında iqtisadi əlaqələri daha da gücləndirəcək. Eyni zamanda, bu layihələr Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinə, regional bağlantıların möhkəmləndirilməsinə, ölkə daxilində bacarıqların və iş imkanlarının yaradılmasına, eləcə də kənd yerlərinin inklüziv və davamlı inkişafının təşviqinə xidmət edəcək.

Seçilən
30
13
azertag.az

10Mənbələr