AZ

Makron Trampa qarşı Qrenlandiya məsələsində Fransanın açıq həmrəyliyini nümayiş etdirib

Fransa prezidenti Danimarka və Qrenlandiya baş nazirləri ilə Parisdə bir araya gələrək Avropanın birlik mesajını verib...

Poliqon xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron simvola çevrilmiş gün eynəkləri ilə Danimarkanın baş naziri Mette Frederiksen və Qrenlandiyanın baş naziri Yens-Frederik Nilsenlə birlikdə Parisdə Yelisey sarayında ictimaiyyət qarşısına çıxıb. The Guardian nəşri yazır ki, bu addım ABŞ prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı aqressiv mövqeyi fonunda Fransanın açıq siyasi dəstəyini nümayiş etdirmək məqsədi daşıyıb.

Paris görüşü Qrenlandiyaya beynəlxalq dəstəyin səfərbər olunmasına yönəlmiş daha geniş diplomatik təşəbbüsün tərkib hissəsi kimi dəyərləndirilir. Fransa, Danimarka və Qrenlandiya liderləri bu çərçivədə Avropanın həmrəy mövqeyini vurğulamağa çalışıblar.

Danimarkanın baş naziri Mette Frederiksen çıxışı zamanı Emmanuel Makrona Qrenlandiyaya göstərilən ardıcıl dəstəyə görə təşəkkür edib. O, Fransa prezidentinin Qrenlandiyanın paytaxtı Nuuk şəhərinə səfərini və Parisin Arktikada təhlükəsizliyin gücləndirilməsində iştirak etməyə hazır olmasını xüsusi qeyd edib.

“Bizim tanıdığımız dünya nizamının ciddi təzyiq altında olduğu, sürətlə dəyişdiyi və bəlkə də artıq dağıldığı bir dövrdə Avropanın hər zamankından daha güclü olmasına ehtiyac var”, deyə Frederiksen bildirib.

Onun sözlərinə görə, son həftələrdə Donald Trampla yaşanan gərginlik açıq şəkildə göstərib ki, əgər bizə kənardan təhdid edilərsə, Avropa ölkələri birləşəcək və buna cavab verəcək.

Qrenlandiyanın baş naziri Yens-Frederik Nilsen də oxşar mövqe sərgiləyərək qeyd edib ki, yaranmış vəziyyətdə əməkdaşlıq təkcə Qrenlandiya ilə məhdudlaşmır. Onun fikrincə, söhbət daha geniş dəyərlərdən gedir.

“Bu, yalnız Qrenlandiya məsələsi deyil. Bu, dünyada mövcud olan əsas dəyərlər, demokratiya, beynəlxalq hüquqa və qaydalara hörmət, dürüstlük məsələsidir”, deyə Nilsen vurğulayıb.

Mette Frederiksen çıxışının sonunda daha pozitiv mesaj verərək məşhur fransız elektron dueti Daft Punkın “Harder, Better, Faster, Stronger” mahnısına istinad edib. O, bu ifadə ilə Avropanın ABŞ-dən daha müstəqil və daha güclü olmalı olduğunu bildirib.

“Bu, Avropa üçün həlledici məqamdır və biz artıq bunun işlədiyini görürük. Sizin ən məşhur musiqi qruplarınızdan birinin sözləri ilə desək, biz daha çox çalışmalı, daha yaxşı etməli, daha sürətli olmalı və daha güclü olmalıyıq”, deyə Frederiksen qeyd edib.

Poliqon.info

Seçilən
13
50
poliqon.info

10Mənbələr