Bakıda anaları tərəfindən gözəllik salonunda tərk edilən bacı-qardaşla bağlı qiymətləndirmə həyata keçirilir. 1news.az xəbər verir ki, bu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyindən məlumat verilib. “Uşaqların mövcud vəziyyəti nəzərə alınaraq onlar ƏƏSMN-in tabeliyində Sosial Xidmətlər Agentliyinin əməkdaşları tərəfindən sığınacağa yerləşdirilib. Hazırda uşaqların qiymətləndirilməsi həyata keçirilir. Qiymətləndirmənin nəticələrinə əsasən onlara fərdi inkişaf planı hazırlanacaq”, - açıqlamada vurğulanıb. Qeyd edək ki, hazırda uşaqlar Mehriban Zeynalovanın Qadın və Uşaq Sığınacağındadırlar. Onlardan - qızın 8, oğlanın isə 9 yaşı var. Uşaqların heç bir sənədinin olmadığı, bu səbəbdən təhsildən yayındırıldıqları bildirilir.