Uşaqların hüquq və mənafelərinin müdafiəsinin həyata keçiriləcəyi hallar genişləndiriləcək.
Day.Az xəbər verir ki, bu məsələ Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirə olunan Ailə Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Qanun layihəsinə əsasən, valideynlər öldükdə və ya məlum olmadıqda, məhkəmə tərəfindən xəbərsiz itkin düşmüş hesab edildikdə və ya ölmüş elan edildikdə, valideynlik hüquqlarından məhrum olunduqda və ya valideynlik hüquqları məhdudlaşdırıldıqda, fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edildikdə, xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar valideynlik vəzifələrini həyata keçirə bilmədikdə, uşaqların tərbiyəsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən imtina etdikdə, uşaqları sosial xidmət müəssisələrindən götürməkdən imtina etdikdə, cəzaçəkmə müəssisələrində cəza çəkdikdə, həmçinin valideyn himayəsinin olmadığı digər hallarda uşaqların hüquq və mənafelərinin müdafiəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçiriləcək.
Qüvvədə olan qanuna görə, valideynlər öldükdə, valideynlik hüquqlarından məhrum olunduqda, valideynin hüquqları məhdudlaşdırıldıqda, valideynlər fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, valideynlər xəstələndikdə, uzun müddət uşaqlarla birlikdə olmadıqda, valideynlər uşaqların tərbiyəsindən və ya onların hüquq və mənafelərinin müdafiəsindən yayındıqda, o cümlədən sosial xidmət müəssisələrindən öz uşaqlarını götürməkdən imtina etdikdə, eləcə də valideyn himayəsinin olmadığı digər hallarda uşaqların hüquq və mənafelərinin müdafiəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.