ain.az, Azvision portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
AzVision.az bildirir ki, islahatların əsas məqsədi dövlət teatrlarında idarəetmə mexanizmlərini daha səmərəli, çevik və şəffaf etmək, qərar qəbuletmə prosesini təkmilləşdirmək və yaradıcılıq potensialının daha effektiv şəkildə reallaşdırılmasına şərait yaratmaqdır. Hansı vəzifələr ləğv edilib və bunun səbəbi nədir? Yeni yanaşmaya uyğun olaraq mövcud idarəetmə strukturunda yer alan baş rejissor, baş rəssam, bədii rəhbər və digər oxşar vəzifələr yeni struktura daxil edilməyib. Bu qərar vəzifələrin formal mövcudluğundan deyil, funksional effektivliyindən çıxış edərək qəbul olunub. Daxil edilməyən vəzifələrin funksiyaları daha çevik və nəticəyönümlü idarəetmə modeli çərçivəsində yenidən bölüşdürülüb. Bəs bu vəzifələrin funksiyaları necə icra olunacaq? Həmin funksiyalar kollegial idarəetmə prinsipləri əsasında və yeni yaradılmış struktur bölmələri vasitəsilə həyata keçiriləcək. Məqsəd qərarların bir nəfər üzərində cəmlənməsi deyil, kollektiv məsuliyyət və aydın funksional bölgü mexanizminin formalaşdırılmasıdır. Teatrlarda hansı yeni struktur bölmələri yaradılıb? Yenilənmiş strukturda teatrların fəaliyyətinin daha sistemli təşkili üçün strategiya və kommunikasiya şöbəsi, yaradıcı şöbə, artist heyətinin idarəedilməsi və digər funksional bölmələr yaradılıb. Bu bölmələr teatrın həm yaradıcılıq, həm də təşkilati fəaliyyətinin daha effektiv idarə olunmasına xidmət edir. Hazırda bədii rəhbər vəzifəsində çalışan şəxslərin taleyi necə olacaq? Hazırda teatrların bədii rəhbər vəzifələrində çalışan şəxslər yeni struktur çərçivəsində fəaliyyətlərini davam etdirə bilərlər. Onlar teatr direktorlarının təqdimatı və təsdiqi ilə quruluşçu rejissor, yaradıcı şöbə müdiri və ya digər müvafiq vəzifələrə təyin oluna bilərlər. Bu islahatlar ixtisar və ya kütləvi ştat azaldılması demək, yaxud hər hansı ştatın mexaniki şəkildə ləğvi deyil. Əsas hədəf effektiv işləməyən və ya zəif fəaliyyət göstərən idarəetmə mexanizmlərinin müasir tələblərə uyğun şəkildə yenilənməsidir. Yeni idarəetmə modeli teatrların yaradıcılığına necə təsir edəcək? Yeni model teatrların yaradıcılıq potensialını artırmaq, yaradıcılıq azadlığını daha sağlam institusional çərçivədə təmin etmək və idarəetmədə məsuliyyət bölgüsünü aydınlaşdırmaq məqsədi daşıyır. Bu yanaşma teatrların həm yaradıcılıq, həm də idarəetmə baxımından daha dayanıqlı inkişafına zəmin yaradır. AzVision.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.