AZ

Teatrlarda kütləvi ixtisarlar olacaq? -Mədəniyyət Nazirliyindən bütün suallara CAVAB

“Azərbaycanda dövlət teatrlarının idarəetmə sistemində əsaslı islahatlara başlanılıb. Bu islahatlar çərçivəsində teatrların əsasnamələri, idarəetmə strukturları və ştat cədvəlləri yenilənib və müasir idarəetmə prinsiplərinə uyğunlaşdırılıb”.

Redaktor.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyinin Mətbuat xidməti bildirilib. 

İslahatların əsas məqsədi nədir?

Qeyd olunub ki, islahatların əsas məqsədi dövlət teatrlarında idarəetmə mexanizmlərini daha səmərəli, çevik və şəffaf etmək, qərar qəbuletmə prosesini təkmilləşdirmək və yaradıcılıq potensialının daha effektiv şəkildə reallaşdırılmasına şərait yaratmaqdır.

Hansı vəzifələr ləğv edilib və bunun səbəbi nədir?

Mədəniyyət Nazirliyinin məlumatına görə, yeni yanaşmaya uyğun olaraq mövcud idarəetmə strukturunda yer alan baş rejissor, baş rəssam, bədii rəhbər və digər oxşar vəzifələr yeni struktura daxil edilməyib:

“Bu qərar vəzifələrin formal mövcudluğundan deyil, funksional effektivliyindən çıxış edərək qəbul olunub. Daxil edilməyən vəzifələrin funksiyaları daha çevik və nəticəyönümlü idarəetmə modeli çərçivəsində yenidən bölüşdürülüb”.

Yeni vəzifələrin funksiyaları necə icra olunacaq?

Nazirlikdən qeyd olunub ki, həmin funksiyalar kollegial idarəetmə prinsipləri əsasında və yeni yaradılan struktur bölmələri vasitəsilə həyata keçiriləcək:

“Məqsəd qərarların bir nəfər üzərində cəmlənməsi deyil, kollektiv məsuliyyət və aydın funksional bölgü mexanizminin formalaşdırılmasıdır”.

Teatrlarda hansı yeni struktur bölmələri yaradılıb?

Rəsmi məlumata görə, yenilənmiş strukturda teatrların fəaliyyətinin daha sistemli təşkili üçün strategiya və kommunikasiya şöbəsi, yaradıcı şöbə, artist heyətinin idarəedilməsi və digər funksional bölmələr yaradılıb. Bu bölmələr teatrın həm yaradıcılıq, həm də təşkilati fəaliyyətinin daha effektiv idarə olunmasına xidmət edir.

Hazırda bədii rəhbər vəzifəsində çalışan şəxslərin taleyi necə olacaq?

Bu sualla bağlı nazirlikdən bildirlib ki, hazırda teatrların bədii rəhbər vəzifələrində çalışan şəxslər yeni struktur çərçivəsində fəaliyyətlərini davam etdirə bilərlər: “Onlar teatr direktorlarının təqdimatı və təsdiqi ilə quruluşçu rejissor, yaradıcı şöbə müdiri və ya digər müvafiq vəzifələrə təyin oluna bilərlər”.

Bu islahatlar ixtisar və ya kütləvi ştat azaldılması deməkdirmi?

Mədəniyyət Nazirliyi ixtisar və işdən çıxarılma halları ilə bağlı iddiaları təsdiqləməyib:

“Xeyr. Qeyd edilməlidir ki, islahatların məqsədi hər hansı ştatın mexaniki şəkildə ləğvi deyil. Əsas hədəf effektiv işləməyən və ya zəif fəaliyyət göstərən idarəetmə mexanizmlərinin müasir tələblərə uyğun şəkildə yenilənməsidir”.

Yeni idarəetmə modeli teatrların yaradıcılığına necə təsir edəcək?

Məlumata görə, yeni model teatrların yaradıcılıq potensialını artırmaq, yaradıcılıq azadlığını daha sağlam institusional çərçivədə təmin etmək və idarəetmədə məsuliyyət bölgüsünü aydınlaşdırmaq məqsədi daşıyır: “Bu yanaşma teatrların həm yaradıcılıq, həm də idarəetmə baxımından daha dayanıqlı inkişafına zəmin yaradır”.

Seçilən
11
4
redaktor.az

8Mənbələr