İsrail XİN rəhbəri Gideon Saar Bakıda və Astanada yüksək səviyyəli görüşlər keçirəcək, biznes forumlarda iştirak edəcək...
Poliqon xəbər verir ki, İsrailin xarici işlər naziri Gideon Saar diplomatik səfər çərçivəsində Azərbaycan və Qazaxıstana yola düşür. Nazirə 40-dan çox biznes və dövlət qurumlarını təmsil edən nümayəndələrdən ibarət geniş iqtisadi nümayəndə heyəti müşayiət edir. Səfərin əsas məqsədi İsrailin region ölkələri ilə iqtisadi və texnoloji əməkdaşlığını genişləndirməkdir.
Bakı səfəri zamanı Gideon Saarın Azərbaycan Prezidenti İlham Əliyev, xarici işlər naziri Ceyhun Bayramov, eləcə də ölkədə fəaliyyət göstərən yəhudi icmasının rəhbərləri ilə görüşləri planlaşdırılır. Görüşlərdə siyasi dialoqla yanaşı, ticarət-iqtisadi əlaqələrin inkişaf perspektivlərinin müzakirə ediləcəyi gözlənilir.
Nazirin Qazaxıstana səfəri çərçivəsində isə Astanada Prezident Kasım-Jomart Tokayev, xarici işlər naziri Murat Nurtleu (Kuşerbayev) və yerli yəhudi təşkilatlarının nümayəndələri ilə danışıqlar aparacağı bildirilir. Rəsmi görüşlərdə regional əməkdaşlıq, investisiya imkanları və texnologiya transferi məsələləri diqqət mərkəzində olacaq.
Səfər proqramına həm Bakıda, həm də Astanada biznes forumların təşkili daxildir. Forumlar çərçivəsində İsrail, Azərbaycan və Qazaxıstan sahibkarları arasında birbaşa təmaslar qurulacaq. Nümayəndə heyəti kənd təsərrüfatı, su ehtiyatlarının idarə olunması, kiber təhlükəsizlik, mühəndislik həlləri və səhiyyə kimi sahələrdə əməkdaşlıq imkanlarını müzakirə edəcək.
Ekspertlərin fikrincə, bu səfər İsrailin Mərkəzi Asiya və Cənubi Qafqazda iqtisadi mövqelərini gücləndirməyə, eləcə də qarşılıqlı investisiya və innovasiya layihələrinin genişlənməsinə təkan verə bilər.
Poliqon.info