AZ

Azərbaycanla Gürcüstan arasında hüquq sahəsində əməkdaşlıq müzakirə edilib

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev bu ölkənin Vəkillər Kollegiyasının sədri İrakli Kandaşvili ilə görüşüb.

SİA-nın yerli bürosu xəbər verir ki, görüş zamanı səfir Faiq Quliyev Gürcüstanda müstəqil və şəffaf ədliyyə sisteminin qurulmasında vəkil peşəsinin əhəmiyyətini xüsusi qeyd edib.

Səfir Azərbaycan və Gürcüstan arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərinin hüquq sahəsində də uğurla davam etdirilməsinin vacibliyini diqqətə çatdırıb. O hər iki ölkənin müvafiq hüquq qurumları arasında əməkdaşlığın genişləndirilməsinin, qarşılıqlı təcrübə mübadiləsinin təşkili, birgə təşəbbüslərin həyata keçirilməsi və institusional əlaqələrin möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayıb. Faiq Quliyev bu istiqamətdə əlaqələndirmə və əməkdaşlıq prosesinə dəstək verməyə hazır olduğunu bildirib.

Öz növbəsində, İrakli Kandaşvili Azərbaycan və Gürcüstanın vəkil və hüquqşünas birlikləri arasında əməkdaşlığın vacib olduğunu qeyd edib. O bu sahədə əlaqələrin daha da dərinləşdirilməsinə, qarşılıqlı maraq doğuran təşəbbüslərin icrasına və institusional əməkdaşlığın gücləndirilməsinə hazır olduqlarını bildirib.

Görüşdə həmçinin tərəflər arasında qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Seçilən
28
3
sia.az

4Mənbələr