Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev bu ölkənin Vəkillər Kollegiyasının sədri İrakli Kandaşvili ilə görüşüb.
"Report"un yerli bürosu xəbər verir ki, görüş zamanı səfir Faiq Quliyev İrakli Kandaşvilini Gürcüstan Vəkillər Kollegiyasının sədri vəzifəsinə seçilməsi münasibətilə təbrik edib və yeni fəaliyyətində uğurlar arzulayıb. Diplomat hüquqi dövlətin və ədalətli məhkəmə sisteminin formalaşmasında vəkillik institutunun mühüm rol oynadığını vurğulayıb, Gürcüstanda müstəqil və şəffaf ədliyyə sisteminin qurulmasında vəkil peşəsinin əhəmiyyətini xüsusi qeyd edib.
Səfir Azərbaycan və Gürcüstan arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərinin hüquq sahəsində də uğurla davam etdirilməsinin vacibliyini diqqətə çatdırıb. O, hər iki ölkənin müvafiq hüquq qurumları arasında əməkdaşlığın genişləndirilməsinin, qarşılıqlı təcrübə mübadiləsinin təşkili, birgə təşəbbüslərin həyata keçirilməsi və institusional əlaqələrin möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayıb. Faiq Quliyev bu istiqamətdə əlaqələndirmə və əməkdaşlıq prosesinə dəstək verməyə hazır olduğunu bildirib.
Öz növbəsində İrakli Kandaşvili göstərilən diqqət və təbrikə görə təşəkkür edib, Azərbaycan və Gürcüstanın vəkil və hüquqşünas birlikləri arasında əməkdaşlığın vacib olduğunu qeyd edib. O, bu sahədə əlaqələrin daha da dərinləşdirilməsinə, qarşılıqlı maraq doğuran təşəbbüslərin icrasına və institusional əməkdaşlığın gücləndirilməsinə hazır olduqlarını bildirib.
Görüşdə həmçinin tərəflər arasında qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.