2025-ci ildə Azərbaycanla Çin arasında ticarət əməliyyatlarının həcmi 4,874 milyard ABŞ dolları təşkil edib.
Day.Az bu barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata əsasən, bu, 2024-cü ildəki göstərici ilə müqayisədə 1,1 milyard ABŞ dolları və ya 30,2% çoxdur.
Hesabat dövründə Çin ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 9,86%-i həcmində olub. Bununla da Çin hesabat dövrü ərzində Azərbaycanın ən çox ticarət əməliyyatları apardığı ölkələr sırasında 4-cü pillədə qərarlaşıb.
Ötən il Azərbaycandan Çinə 84,362 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, 2024-cü illə müqayisədə 64,7 milyon ABŞ dolları və ya 4,3 dəfə çoxdur.
Hesabat dövründə Çindən Azərbaycana isə 4,790 milyard ABŞ dolları dəyərində ixrac əməliyyatları icra olunub ki, bu da 2024-cü illə müqayisədə 1,1 milyard ABŞ dolları və ya 28,6% artım deməkdir. Bununla da hesabat dövründə Çin Azərbaycanın ən çox məhsul idxal etdiyi ölkələr sırasında ilk pillədə qərarlaşıb.
Qeyd edək ki, 2025-ci ildə Azərbaycan xarici ölkələrlə 49,423 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, əvvəlki ilə nisbətən 1,810 milyard dollar və ya 3,8% çoxdur.
Xarici ticarət dövriyyəsinin 25,043 milyard ABŞ dolları ixracın, 24,380 milyard ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 1,5 milyard dollar və ya 5,7% azalıb, idxal isə 3,322 milyard dollar və ya 15,8% artıb.
Yekunda xarici ticarətdə 663 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 4,833 milyard dollar və ya 8,3 dəfə azdır.