Trampın dağıdıcı zərbəsi köhnə dünyada illərdir yığılıb qalan problemlərlə məşğul olmaq üçün yeni qətiyyət yaradıb...
Müəllif: Devid İqnatius
The Washington Post nəşri
ABŞ prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı fiaskosu Avropa üçün gözlənilməz fayda gətirdi. Onun gözlənilməz hədələri Avropa liderlərini etiraf etməyə məcbur etdi ki, etibarsız Amerikadan müstəqillik onlara zəruridir və artıq köhnəlmiş iqtisadi və müdafiə modellərindən imtina etməyin vaxtıdır.
Bu həftə Davosda keçirilən Dünya İqtisadi Forumunda Tramp əvvəlcə Qrenlandiyaya müdaxilə ilə hədələyib, sonra isə geri çəkilərək yenidən arzuladığı media üstünlüyünü əldə etdi. Amma daha önəmlisi başqa, daha dərin bir proses idi: adətən kəskin mövzuların nəzakətlə yan keçildiyi bu forumda Trampa qarşı açıq Avropa üsyanı və gözlənilməz səmimiyyət. Avropalılar bu həftə artıq belə davranmağı dayandırdılar ki, guya ABŞ-nin – qlobal hegemonun – arxasınca getməklə iqtisadiyyatları dirçələcək.
Avropanın iqtisadi durğunluğu son 25 ildə iştirak etdiyim demək olar ki, hər Davos konfransının fon mövzusu olub. Status-kvonu dəyişmək çətin, Amerikanın arxasınca getmək isə asan idi. Amma Trampın ikinci prezidentlik dövründə bu tarazlıq dəyişdi. O, transatlantik ittifaqı rüsumlar, Ağ evin tələbləri və təhqirlər üzərində qurulan alçaldıcı bir məşqə çevirdi. Avropa liderləri ötən ilin böyük hissəsində buna uyğunlaşmağa çalışdılar, lakin bu həftə səbr kasası daşdı.
Kanadanın baş naziri Mark Karni – burada onu “fəxri avropalılar” sırasına aid edəcəm – forumdakı çıxışında bunu olduqca açıq dedi: “Biz keçid yox, qırılma mərhələsindəyik. … Qaydalar sizi artıq qorumursa, özünüzü özünüz qorumalısınız”.
Karni ölkəsinin müstəqilliyini gücləndirmək üçün atdığı addımları sadaladı, o cümlədən Çinlə yeni “strateji tərəfdaşlıq” qurulmasını. Trampın Kanadaya qarşı mənasız hücumlarını nəzərə alsaq, buna görə onu kim qınaya bilər?
Fransa prezidenti Emmanuel Makron Avropanın “hələ də ABŞ iqtisadiyyatından geri qaldığını” etiraf edərək, islahatların vacibliyini vurğuladı. O, Trampın dağıdıcı siyasətinə qarşı Avropanın etibarlılığını və nizam-intizamını önə çəkdi: “Avropa kimi bir məkanın olması – bəlkə bəzən həddən artıq ləng, şübhəsiz islahatlara ehtiyacı olan, amma proqnozlaşdırılan, loyal… – yaxşıdır”.
Tramp administrasiyasının nümayəndələri Davosdan qalib ordu kimi keçərək avropalıları daha da birləşdirdilər. Avropa Mərkəzi Bankının hörmətli rəhbəri Kristin Laqard ABŞ-nin ticarət naziri Hovard Latnikin çərşənbə axşamı axşam yeməyindəki laqeyd və sayğısız tonunu o qədər təhqiramiz hesab edib ki, mənbənin dediyinə görə, tədbiri tərk edib.
Qrenlandiya sadəcə tətik rolunu oynadı. Makronun sözlərinə görə, daha dərin narazılıq Trampın imperiya təzyiqi rejimində hərəkət etdiyi bir vaxtda Avropanın iqtisadi “vassallaşdırılması” ilə bağlıdır. Avropa liderləri anlayırlar ki, süni intellektin gücləndirdiyi ABŞ iqtisadi sıçrayışı onları geridə qoyur. Avropalılar bu bumdan pay almaq istəyirlər və nəhayət dərk edirlər ki, Avropa İttifaqının qaydaları və tənzimləmələri, eləcə də yüksək vergi yükü ehtiyac duyulan artımı boğur.
Avropa liderləri öz “Azadlıq Günü”nü istəyirlər. Bu, Latın Amerikası, Afrika və Asiya ilə yeni ticarət tərəfdaşlıqları, eləcə də Çinlə bazara çıxış müqabilində texnologiya paylaşımı barədə razılaşma deməkdir. Amma hər şeydən əvvəl bu, Avropanın daxilində innovasiyaya əlverişli iqtisadiyyatın qurulması anlamına gəlir – daha az qayda, daha aşağı vergilər və daha sərt olmayan sosial təminat sistemi ilə.
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen forumda bildirdi ki, iqtisadi islahatlar üçün təcili düşüncə tərzinə ehtiyac var. “Avropa müstəqilliyə doğru hərəkəti sürətləndirməlidir. … Dünya birdəfəlik dəyişib və biz də onunla birlikdə dəyişməliyik”.
İslahatların yolu 2024-cü ilin sentyabrında Avropanın rəqabət qabiliyyətinin zəifləməsi barədə hesabat dərc etmiş keçmiş AMB rəhbəri Mario Draqi tərəfindən aydın şəkildə göstərilib. “ABŞ ilə Aİ arasında ÜDM üzrə böyük uçurum yaranıb”, – o, giriş hissəsində yazırdı. Draqinin qeyd etdiyinə görə, 2000-ci ildən bəri real sərəncam gəliri Amerikada Aİ ilə müqayisədə təxminən iki dəfə çox artıb.
“Avropa əsasən internetə əsaslanan rəqəmsal inqilabı və onunla bağlı məhsuldarlıq artımını əldən verib”, – Draqi xəbərdarlıq edirdi. O vurğulayırdı ki, dünyanın 50 ən böyük texnologiya şirkətindən cəmi dördü Avropaya məxsusdur. 2008–2021-ci illərdə Avropada yaranmış, dəyəri 1 milyard dollardan çox olan startapların – “yeni doğulan nəhənglərin” – təxminən 30 faizi sərt tənzimləmə və vergilərdən qaçmaq üçün xaricə köçüb.
Draqinin mesajı son iki ildə danışdığım hər bir avropalı biznesmen və siyasətçi üçün aydın idi. Amma Böyük Britaniya və Avropada zəif liderlər islahatları həyata keçirməyə qadir olmadılar və avroskleroz daha da dərinləşdi. Deutsche Bank-ın istinad etdiyi araşdırmaya görə, Draqinin hesabatından bir il sonra onun 383 tövsiyəsindən cəmi 11 faizi icra olunub. Ola bilsin ki, bu dalanı məhz Tramp sındırdı.
Trampın Qrenlandiyanı “ələ keçirmə” cəhdi Avropa üçün şok terapiyası oldu – passivlik və itaətkarlıq köpüyünü partlatdı. Həftənin sonuna doğru Tramp adanı almaq tələbindən geri çəkildi; avropalı liderlərin vahid müqaviməti və ABŞ səhmləri ilə istiqrazlarının satış dalğası buna təsir göstərdi. Qrenlandiya, Trampı izləyənlərin əvvəlcədən dediyi kimi, buzlu bir TACO-ya çevrildi. Amma Avropa üçün bu, ciddi bir həyəcan siqnalı idi.
Davos forumunda Tramp şikayətlənirdi ki, avropalılar onun onlar üçün gördüyü “möhtəşəm işlərə” görə minnətdar olmalı idilər. Bu dəfə, bəlkə də, o haqlıdır. Qrenlandiya “putçu” avropalıları nəhayət silkələyib, onları öz talelərini nəzarətə götürməyə və firavan ölkələr kimi yaşamaq üçün zəruri olan iqtisadi islahatlara başlamağa məcbur edə bilər.
Bu dəli həftədən sonra transatlantik alyans dağılmayacaq, amma artıq heç vaxt əvvəlki kimi olmayacaq.
Tərcümə Poliqon-a aiddir
Poliqon.info