Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.
Yeni Zelandiyanın Şimal adasında güclü yağışların yaratdığı fırtınalar ciddi fəsadlara yol açıb. Mount Maunganui bölgəsində düşərgədə baş verən torpaq sürüşməsi nəticəsində bir neçə nəfər, o cümlədən azyaşlı qız itkin düşüb.
Bizimyol.info xəbər verir ki, Fövqəladə Hallar naziri Mark Miçell vəziyyəti “müharibə zonasına” bənzədərək bildirib ki, ölkənin şərq sahillərində vəziyyət son dərəcə ağırdır. Günlərlə davam edən rekord yağışlar səbəbindən Northland və East Cape daxil olmaqla beş bölgədə fövqəladə vəziyyət elan edilib. Helikopterlər daşqınlar zamanı damlara sığınan ailələrin xilasına cəlb olunub.
Cümə axşamı səhər saatlarında turistlərin sıx olduğu Mount Maunganui düşərgəsində torpaq sürüşməsi baş verib. Hadisə yerində çevrilmiş maşınlar və kökündən çıxmış ağaclar müşahidə olunur. Şahidlər güclü gurultudan sonra dağın bir hissəsinin düşərgənin üzərinə çökdüyünü bildiriblər.
Yaxınlıqdakı Tauranga şəhərində 30 saat ərzində 295 mm yağış yağıb. Papamoa bölgəsində isə evə çırpılan torpaq sürüşməsi nəticəsində bir nəfər ağır xəsarət alıb, iki nəfər itkin düşüb. Polis həmçinin Oklend yaxınlığında çaydan keçərkən selə qərq olan şəxsin axtarışlarını davam etdirir.
Baş nazir Kristofer Lükson hökumətin zərərçəkənlərə tam dəstək verdiyini açıqlayıb və xilasedicilərə təşəkkür edib. Milli Fövqəladə Halların İdarə Edilməsi Agentliyi isə xəbərdarlıq edir ki, yaxın saatlarda gözlənilən yeni leysanlar vəziyyəti daha da ağırlaşdıra bilər.
Qadir, Bizimyol.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.